• Şb. Noy 23rd, 2024

Azərbaycan-Ermənistan sülh razılaşmasında ABŞ-nin PLANI – MÜSAHİBƏ

ByYenigun.news

Noy 29, 2022

“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Həmin müsahibəni təqdim edirik.

– Cənab Prays, sizin də bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında məlum müharibədən iki ildən çox vaxt keçir. Azərbaycan tarixi ədaləti bərpa etdi. Lakin iki ildən çoxdur ki, iki ölkə arasında sülh müqaviləsini görmürük. Bilmək istərdik ki, ABŞ sülh üçün hansı addımlar atmaq fikrindədir?

– Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq üçün növbəti aylarda fəaliyyətimizi davam etdirəcəyik; ikitərəfli, tərəfdaşlarla və çoxtərəfli təşkilatlar vasitəsilə.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib. Səfərin əsas məqsədi nədir və Qafqaz regionunda sabitlik ABŞ üçün nə deməkdir?

– Səfir Riker yüksək səviyyəli liderlərlə görüşmək üçün Qafqaz danışıqları üzrə baş məsləhətçi kimi regiona səfər edir. Onun müzakirələri Ermənistan-Azərbaycan birbaşa danışıqlar prosesinin davam etdirilməsi və sülhə, inkişafa və regional əməkdaşlığa yol açan həll olunmamış problemlərin həllinə yönələcək. Bu, səfir Riker üçün noyabrın 7-də Vaşinqtonda Dövlət katibi Blinken ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən görüşləri əsaslandırmaq və katibin noyabrın ortalarında həmin həmkarları ilə etdiyi zəngləri izləmək üçün bir fürsət olacaq.

Ermənistan və Azərbaycanın liderlər və xarici işlər nazirləri səviyyəsində bilavasitə əlaqə yaratmaq üçün son səyləri bizi ruhlandırır və səfir Riker bu sürəti artırmağa ümid edir.

– Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazi var. Son günlər həmin istiqamətlərdən atəşkəs daha çox pozulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mütəmadi olaraq məlumat yayır. Bilmək istərdim ki, ABŞ-yə görə, doğrudanmı Rusiya münaqişənin davam etməsində maraqlıdır?

– Rusiyanın regiondakı rolu ilə bağlı heç bir şərhimiz yoxdur, lakin bir daha təkrar edirik ki, Cənubi Qafqazda üç ölkənin suverenliyi və müstəqilliyi üçün ABŞ-dən böyük dəstəkçi görmürük.

1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın Sovet İttifaqından müstəqilliklərini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan asılı olmayaraq öz xarici siyasət maraqlarını həyata keçirmək hüququnu təmin edən əsas hadisə idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir