Azərbaycanla İran arasında gərginliyin yumşaldılması, münasibətlərin irəli aparılaraq regional çərçivədə səmərəli əməkdaşlıq rejiminə keçid edilməsi cəhdləri müşahidə olunmaqdadır.
Bakı ilə Tehranın hərbi-strateji məqsədlərinin işıqları fərqli rənglərdə olsa da, bundan doğan gərginlik, onsuz da, iqtisadi əməkdaşlığın ruhunu sarsıtmamışdı.
Əksinə, Rusiya, İran və Hindistanı eyni ox ətrafında birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin dərin strateji konteksti fonunda Azərbaycanın geoiqtisadi əhəmiyyəti artırdı, hərçənd, bu, Bakı-Tehran hərbi-siyasi və diplomatik gərginliyini səngitmirdi.
İndi isə Bakı ilə Tehranın məqsəd və məramlarını maksimal yaxınlaşdırmaqdan ötrü ortada olan gərginlik elementlərini konstruktivliklə əvəzləmək həvəsləri görünməkdədir.
Bu mənada:
1. İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri;
2. Azərbaycan Müdafiə Nazirliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsi;
3. Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın üçüncü iclasının keçirilməsi;
4. General-mayor Məhəmməd Əhədinin başçılıq etdiyi İran nümayəndə heyətinin Bakı Hərbi Qənimətlər Parkını ziyarət etməsi ortada olan gərginliyin heç olmasa, situativ də olsa, aradan qalxmasına töhfə verəcək idealları özündə təcəssüm etdirir.
Bakı ilə Tehranın müştərək strateji maraqlarını bir-birinə uyğunlaşdırmaq üçün axtardığı formullar Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfərindən sonraya təsadüf edir.
Hakan Fidanın səfəri isə İranın Yaxın Şərqdəki, xüsusilə də Suriya və İraqdakı cəbhələrini genişlətməsi ilə əldə edilə biləcək mümkün nəticələri Cənubi Qafqazla bağlantılı şəkildə inkişaf etdirmək səylərinin fonunda diqqət çəkirdi.
Ancaq Ankara ilə Tehranın Suriya və Cənubi Qafqazla bağlı sövdələşmələri regionda İranın Azərbaycana münasibətinin istiqamətini müəyyən dərəcədə dəyişdirir, elə Bakı da cənub qonşusu ilə gərilmiş münasibətlərin qalmasında maraqlı deyil.
Ankara ilə Tehranın sövdələşmə versiyasının İran tərəfdən Azərbaycanın xeyrinə inkişaf etdirilən səbəblərin davamını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün nəticələrində də axtarmaq lazımdır.
Birmənalı olaraq, Fidanın İran, Ərdoğanın Rusiya səfərinin parlaqlığı Cənubi Qafqaz regionunda nəzərə çarpır, bu, Ermənistanın, Qarabağdakı separatçı ünsürlərin aktivliyini artırmasına cavab olaraq diqqətəlayiqdir.
Deməli, Azərbaycan-İran arasındakı əsəblərin üzərinə su səpilməsi Bakı-Ankara-Moskva-Tehran dördbucağının içərisində qiymətləndirilmək gücünə sahibdir.
Məsələyə başqa bir rakursdan da – Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Kiyevə getməsi və Birinci Xanımlar və Cənablar Konfransında iştirak etməsi – baxmaq zərurətləri ortaya çıxır.
Məhz bu səfərdən sonra İran Prezidenti İbrahim Rəisi ilə Paşinyanın telefon danışığında Tehranın İrəvan üzərinə səs tonunu qaldırması haqqında məlumatlar kampaniya şəklində tirajlandı.
Yox, məqsəd o deyil ki, İran regionda separatçılığın və ya ona oxşar hərəkətlərin kökünü kəsməkdə maraqlıdır. Məqsəd yalnız budur ki, Ermənistan İrandan xəbərsiz hərəkət edib Tehranın maraq və mənafelərini nəzərə almaqdan boyun qaçırdığından qulaqburması alır.
Bu xüsusda iki bəyanat diqqəti çəkməyə bilməz:
– Rəisi ilə Paşinyanın telefon danışığının detallarını İranın vitse-prezidenti Məhəmməd Cəmşidi Akopyanın Kiyev səfərinə işarə etməklə açaraq Ermənistanı Cənubi Qafqazda Zəngəzur dəhlizi layihəsinin formalaşdırdığı “3+3” formatından kənara çıxmaqda təqsirləndirdi;
– Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi ölkəsinin Azərbaycanla sərhədə Ermənistanın xeyrinə qoşun yığmadığını bəyan etdi.
Bütün bunlardan bir məntiq hasil etmək olar – Azərbaycanla İran Qarabağdakı 44 günlük müharibədən sonra keçən zaman kəsiyində strateji dərinliklərdə İrəvan uğrunda mübarizə aparıblar. Bunun açması belə ola bilər ki, İranın son məqsədi Ermənistanı qorumaq yox, onu X anında işğal edib Azərbaycana qarşı hədə oxu yaratmaq idi, lakin geosiyasi konyunktur Tehranın mövqeyini Bakı ilə uzlaşdırmağa sövq edir.
Çünki Ermənistanın İranın maraqlarını nəzərə almadan regiona Avropa İttifaqının hərbiləşmiş missiyasını gətirməsi Tehranın qüruruna toxundu, hərçənd ki, bir zamana qədər İran bunu gizli şəkildə alqışlayırdı.
Görünür ki, Türkiyə Milli İstihbarat Təşkilatının keçmiş rəhbəri, indiki xarici işlər naziri Hakan Fidan Tehran səfərindəki qapalı müzakirələrdə inandırıb ki, regionda Ermənistanın qurduğu oyun İran əleyhinə baza və kəşfiyyat məntəqəsi kimi fəaliyyət istiqamətində inkişaf edir.
Regiondakı açıq-gizli sövdələşmələrin Bakı-Ankara-Moskva-Tehran xəttinə gətirilməsi üçün təşəbbüslərin ardıcıl və sistemli olacağını proqnozlaşdırmaq çətin deyil.
Çünki ortada nəhəng iqtisadi panoram – Şimal-Cənub Beynəlxalq Marşrutunun tam işləkliyi – dayanır ki, bunun Zəngəzur dəhlizinin məntiqində inkişaf edəcəyi ehtimalları artır.
Hərçənd ki, İran həmin beynəlxalq ticarət marşrutuna Fars körfəzi-Qara dəniz istiqaməti üzrə dəyər qazanacağına çalışacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizi üzrə maksimalist məqsədlərinə uyğun deyil.
Tehranla Bakının ali strateji məqsədlərində bir-birinə güzəştə getmələri daha çox İran hərbi-siyasi elitasındakı vahid mövqenin formalaşıb-formalaşmamasından asılı olaraq qalacaq.
Hiss edilir ki, İran diplomatiyası Azərbaycanla hərtərəfli konstruktiv əməkdaşlığı dirçəltmək niyyətindədir, amma Tehranın xarici siyasətindəki radikal mövqe sahiblərinin buna reaksiyası vəziyyətə təsir edəcək.
Yəni İran idarəetməsində də anlaşma vacibdir…
Aqşin Kərimov