• Ca. Okt 31st, 2024

Azərbaycan-İsrail yaxınlığından qorxan İrana qarşı atılmalı ADDIM: “Biz öz istintaqımızı başlatmalıyıq” – RƏY

ByYenigun.news

Yan 27, 2023

“Hazırda istintaq gedir. Artıq terrorçu saxlanılıb. Söhbət qanun pozuntusundan getdiyi üçün bütün hallarda cinayət işi açılacaq. Ancaq çox güman, İran rəhbərliyi açıqlama verəcək ki, bu akt fərdi şəkildə törədilib və cinayətkarla bağlı qərar qəbul olunacaq. Yəni elə təqdim edəcəklər ki, guya bu işdə kənar əl yoxdur”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib. Onun sözlərinə görə, bu işdə əli olanlar fərqli görüntü yaradıb diqqəti başqa istiqamətə yönəltmək üçün, hətta cinayətkarla əlbir olan kimisə də tapıb ortaya çıxara bilərlər:

“Biz çox yaxşı başa düşürük ki, İran rəsmiləri açıq şəkildə Azərbaycanla İsrail arasında münasibətlərin yaxınlaşmasından narahatdır. Müxtəlif üsullarla bunu bildirirdilər və bəzən əl atdıqları həmin üsullar yolverilməz olur. Bugünkü hadisə də, güman ki, həmin məntiqlə törədildi. Biz ekspertlərin əlində kifayət qədər əsas var ki, bu hadisəni İranın siyasi quruluşunun münasibətinə uyğunlaşdıraq. Niyə biz burada məhz İsrail izini görürük? Çünki son vaxtlar İsrail rəsmiləri Azərbaycanda vacib toplantı keçirdilər. Digər tərəfdən bir müddət əvvəl Azərbaycanın İsrailə səfiri təyin olundu, dünən Bakıda Holokost qurbanları anıldı. 27 yanvar Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür. Yəni aksiyanı törədənlər bu günü təsadüfi seçməyiblər”.

İlqar Vəlizadə belə hadisələrin heç vaxt təsadüf nəticəsində baş vermədiyini vurğulayıb:

“Qəflətən səfirliyin yanından keçib nəsə hadisə törətmək istəyi ola bilməz. Bu hadisələr səbəbsiz olmur. Düşünürəm ki, burada müəyyən məsələlər var. Obyektiv istintaq bütün bu faktları müəyyənləşdirə bilər. Azərbaycan səfirliyinin işçiləri xəsarət alıblar, itkimiz var. Ona görə də bu məsələnin araşdırılmasında Azərbaycan tərəfi də fəal iştirak edəcək. Hətta lazım gəlsə, göstərişlər də verəcək. Bizim öz istintaqımız olmalıdır. Hesab edirəm ki, olacaq. Nəticədə səbəbkarlar aşkar olunacaq, bunun arxasında dayanan maraqlı qüvvələr üzə çıxacaq. Bizim üçün əsas məsələ bundan ibarətdir. Çünki maraqlar olmasa, bu cür hadisələr baş verməz”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir