• C. Noy 22nd, 2024

Azərbaycan-İtaliya əlaqələri: Artan, inkişaf edən əməkdaşlıq – ŞƏRH + FOTO

ByYenigun.news

Sen 1, 2022

Azərbaycan-İtaliya əlaqələrinin yaşı bir əsrdən artıqdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də iki ölkə arasında bir sıra sahələr üzrə münasibətlər mövcud olub. Müstəqilliyin bərpasından sonra İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, diplomatik əlaqələr isə 1992-ci ilin may ayının 8-də qurulub. İtaliya artıq fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun tərkibinə daxil olan dövlətlərdəndir. Bu ölkənin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü çıxışlarında və görüşlərdə müdafiə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada səfərdədir. Bu, dövlət başçısının İtaliyaya sayca yeddinci səfəridir. Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutur. Səfər çərçivəsində Azərbaycan Prezidentinin italiyalı həmkarı Sercio Mattarella və İtaliyanın Baş naziri Mario Dragi ilə geniş tərkibdə görüşləri planlaşdırılır.

Bundan əvvəl reallaşmış səfərlər sırasında məzmun və formasına görə ən önəmlisi 2020-ci ilin fevralın 19-21-də həyata keçirilmiş dövlət səfəri olub. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir.

İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və ovaxtkı baş nazir Cüzeppe Konte tərəfindən imzalanması onun siyasi yükünün göstəricisi sayıla bilər.


Yeri gəlmişkən, bir müddət əvvəl İtaliyada daxili siyasi böhran yaşanıb. Qanunvericilik məsələləri ilə əlaqədar partiyalar arasında konsensusa nail ola bilməyən Baş nazir Mario Dragi istefasını elan edib və hökumət vaxtından əvvəl səlahiyyətlərini başa çatdırıb. Sentyabrın 25-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkisinə qədər hökumət məhdud çərçivədə fəaliyyətini davam etdirir və M.Dragi İtaliya Hökumətinin başçısı səlahiyyətlərini icra edir.

Ənənəyə görə, müvəqqəti hökumət dövründə İtaliyada xarici səfərlər baş tutmur, xarici rəsmi heyətlərlə görüş keçirilmir, daxili və xarici siyasət məsələləri üzrə qərarlar qəbul edilmir.

Odur ki, hökumətin məhdud çərçivədə fəaliyyət göstərməsinə baxmayaraq Prezident İlham Əliyevin işgüzar səfərinin baş tutması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin göstəricisidir. Bu, həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin İtaliyanın prioritet milli marağı olduğunu nümayiş etdirir.

İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi iştirakı nəzərdə tutulur. Sayca 48-ci olan budəfəki forumun əsas plenar iclasında Prezident İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edəcəyi gözlənilir.

Səfərin məqsədi 2020-ci ilin fevralında Prezidentin İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyənləşməsidir.


Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir.

Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyub. Tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyublar. Birgə Bəyannamənin digər əhəmiyyətli cəhəti odur ki, o, Azərbaycanın başqa ölkələr, o cümlədən “Böyük Yeddiliy”in üzvü olan ölkə ilə belə bir adda və ruhda imzaladığı ilk sənəd olub.

Birgə Bəyannamə iki ölkə arasında xarici işlər nazirlərinin sədrlik etdiyi Strateji Dialoqu da təsis edib. 2022-ci il aprelin 2-də İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayonun Bakıya səfəri zamanı Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib və görüşün nəticəsi olaraq protokol imzalanıb. Bu iclas iki ölkə arasında çoxölçülü strateji münasibətlərin gücləndirilməsi üçün yeni institusional mexanizmin əsasını qoydu.


Strateji Dialoqun ilk iclasının diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi də olduqca əlamətdar hadisə sayılır. Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb (9 milyard ABŞ dolları), 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub.

Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır. Bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır.

Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir.


Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Bir sıra şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir, maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır. Azərbaycanın İtaliya ilə təhsil sahəsində əlaqələri 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında Mədəniyyət, Elm və Texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb.

Prezident S.Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb. 2020-ci ilin fevralında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də də təhsil və elm sahəsində əməkdaşlığa dair konkret müddəalar əks olunub.

Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İli elan edilməsidir.

Paris, Berlin və Vyanadan sonra dünyanın ən qədim şəhərlərindən biri olan Romanın mərkəzi hissəsində də Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. 2020-ci ilin fevralında dövlət səfəri zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar. Bir əsrdən artıq yaşı olan bu və başqa istiqamətdə əlaqələr Azərbaycan-İtaliya münasibətlərinin son 20 ildə daha da inkişaf etdiyini deməyə əsas verir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir