“Azərbaycanın Kanadaya ehtiyacı yoxdur. Əksinə, Kanada şirkətləri Azərbaycanda pul qazanırlar. O cümlədən, Asiyadan uran ölkəmizin ərazisi ilə daşıyır. Yeri gəlsə, Azərbaycan özü Kanadaya sanksiya tətbiq etmək iqtidarındadır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Kanadanın ermənilərlə bağlı canfəşanlığı, ermənipərəst mövqeyi bu ölkənin müstəqil siyasətinin olmamasından irəli gəlir:
“Bu, bir daha Kanadanın ABŞ-nin marioneti olduğunu sübut edir. Vaşinqton Kanada, Litva və bəzi digər proksiləri vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır. Kanadanın xarici işlər naziri Melani Colinin Azərbaycana qarşı əsassız açıqlamaları və Ermənistanla şərti sərhədimizə gələrək binoklla ərazilərimizə baxması ona verilmiş sifarişin icrasıdır. O, sərhəddə poza verərək şəkil çəkdirməklə aldığı sifarişi icra etdiyini dəlillərlə sübut etmək istəyir”.
Deputat vurğulayıb ki, M.Colinin Azərbaycana sanksiya tətbiq ediləcəyini bildirməsi də gülməlidir:
“Çünki Kanadanın iç üzü 44 günlük Vətən müharibəsi dövründə də üzə çıxmışdı. Belə ki, Türkiyə Azərbaycana “Bayraktar” pilotsuz uçuş aparatlarını verdiyinə görə onun detallarının Türkiyəyə satılmasına qadağa qoymuşdu. Bu ölkə indi də Azərbaycanı “etnik təmizləmə” və “deportasiya”da günahlandırır”.
Milli Məclisin üzvü bildirib ki, Kanadanın özü aborigen xalqları etnik təmizləməyə məruz qoyaraq onların torpaqlarında dövlət qurub. Bu baxımdan, etnik təmizləmədən danışmağa ümumiyyətlə haqqı yoxdur:
“Melani Coli regionda baş verdiyi proseslərdən ümumiyyətlə xəbərsizdir və ya özünü axmaq yerinə qoyaraq ağzına gələni danışır. Elə olmasaydı, Ermənistanın tələbi ilə Qarabağı könüllü tərk etmiş ermənilərə görə Azərbaycana qarşı qərəzli yanaşmazdı. Kanada və onun kimi Ermənistana dəstək verən ölkələri ədalət, insanların hüquqlarının pozulması narahat etsəydi, 30 il qaçqın və məcburi köçkün həyatı yaşamış bir milyondan çox azərbaycanlının pozulmuş hüquqları barədə danışardılar.
Bu gün bir ovuc erməniyə görə milyonlarla dollar yardım ayıranlar Ermənistan tərəfindən etnik təmizləmə və deportasiyaya məruz qalaraq çadırlarda, vaqonlarda ömür sürmüş azərbaycanlılara yardım göndərməkdən niyə danışmadılar? Onda belə çıxır ki, müsəlmanların heç bir haqqı yoxdur və onlar əzilməlidirlər? Qətiyyən belə deyil. Azərbaycan müsəlman ölkəsi olaraq Ermənistana və onun arxasında dayanaraq xristian həmrəyliyi nümayiş etdirənlərə qalib gəlib. Bundan sonra da iradəmizi heç kim qıra bilməz. Azərbaycan müstəqil siyasət yürüdür və heç kimdən asılılığı yoxdur, o cümlədən, ölkəmizə qarşı qərəzlə yanaşanların cavabını verməyə qadirdir”.