“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində Şuşa şəhərində davamlı könüllü fəaliyyətinə cəlb olunacaq gənclərin seçilməsi üçün “Şuşa Könüllüləri” qrupuna qəbula start verilir.
2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qalib gəlməklə ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Şanlı tariximizin ən parlaq səhifələrindən olan bu zəfər nəticəsində vətəndaşlarımız uzun illər həsrətini çəkdikləri doğma ata-baba yurdlarına qayıtmaq imkanı əldə ediblər.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında böyük zəfərdə gənclərin həlledici rolunu vurğulayıb və Azərbaycan gəncinin Böyük qayıdış prosesində iştirakının əhəmiyyətini qeyd etmişdir. Müzəffər Ali baş komandanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq “Qayıdış Könüllüləri” Proqramına start verilib.
Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.
8 noyabr Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Şuşa Könüllüləri” qrupuna qeydiyyat başladı.
Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Şuşa rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qayidish.konullu.az saytından qeydiyyatdan keçə bilər. Seçilmiş gənclərin müvafiq təlim və hazırlıqlardan sonra Şuşa şəhərində könüllü fəaliyyətinə cəlb olunması planlaşdırılır. Son müraciət tarixi: 14 noyabr 2022-ci il.
Proqram çərçivəsində “Şuşa Könüllüləri” Şuşa şəhəri ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən mütəmadi olaraq Şuşada keçiriləcək tədbirlərin təşkilində iştirak edəcək, Şuşaya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Qeyd edək ki, bir müddət öncə “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində “Ağdam Könüllüləri” qrupu fəaliyyətə başlayıb.