Azərbaycan gənclərinin Türkiyədə zəlzələ bölgəsindəki könüllü fəaliyyətinin yekunlaşmasına həsr olunmuş mətbuat konfransı keçirilib. 17 mart tarixində Bakı Konqres Mərkəzində baş tutan konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və Türkiyədə fəaliyyət göstərmiş könüllülülərin bir qrupu iştirak edib, görülmüş işlər barədə ətraflı məlumat verib, jurnalistlərin ünvanlandığı sualları cavablandırıb.
Qeyd edilib ki, Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyəti bir ay davam edib, on minlərlə zərərçəkmiş şəxsə yüzlərlə azərbaycanlı gənc öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetirib. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan gənclərimiz, ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını öz devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət ediblər.
Məlumat verilib ki, könüllülərimiz zəlzələnin ilk günlərində zərərçəkənlərə harada dəstəyə ehtiyac varsa, ora dərhal yardım üçün tələsib. Həm çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli sakinlərə xidmət edib, həm də ucqar kəndlərdə zərərçəkənlərə zəruri humanitar xidmətlər göstərib. Çörəkbişirmə məntəqəsindən uşaq-əyləncə çadırına, yaralılar üçün ilkin tibbi xidmətdən uşaqlar üçün psixoloji dəstək xidmətinə, isti qidalardan isti geyimlərə hər bir anda könüllülərimiz on minlərlə yardıma ehtiyac duyan qardaş və bacılarının qayğısına qalıb, onlara yorulmadan xidmət göstərib. Bildirilib ki, könüllülərimiz koordinasiyalı şəkildə fəaliyyət göstərərək təkcə zəlzələnin episentri Kahramanmaraşda yox, eləcə də Hatay, Adıyaman və Malatya kimi bölgələrə də gedib, oradakı zəlzələ qurbanları üçün də bu nəcib humanitar missiyanı yerinə yetiriblər.
Qeyd edilib ki, Azərbaycan gənclərinin bu dəstəyini həm yerli sakinlər, həm də qardaş ölkənin rəsmi şəxsləri çox yüksək qiymətləndirib. Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan könüllülərimiz ilə şəxsən görüşüb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. Eyni zamanda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, DİN rəhbəri Süleyman Soylu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, KADEM Fondunun Qəyyumlar Şurasının sədri Sümeyye Ərdoğan, “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar, habelə millətvəkilləri, valillər və tanımış şəxslər könüllülərimizin fəaliyyəti ilə yaxından tanış olub, gənclərimizə təşəkkürlərini çatdırıb. Gənclərimizin zəlzələdən zərərçəkmiş bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərinə yerli sakinlərin və çoxsaylı yüksək səviyyəli rəsmilərin minnətdarlıq etməsi, onların zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli missiyanı uğurla həyata keçirdiyinə və Azərbaycan xalqını qardaş ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir.
Xüsusi olaraq vurğulanıb ki, Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub. Eyni zamanda bu fəaliyyət Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir.