• Ca. Okt 31st, 2024

“Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-nəzarət məntəqəsi qurmalıdır” – “Kaspi”nin TƏHLİLİ + FOTO

ByYenigun.news

Mar 11, 2023

Azərbaycan Qarabağda yenidən şəhid verdi. Özü də rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə separatçıların açdığı atəş nəticəsində. Bölgədə vəziyyətin gərginləşməsi antiterror əməliyyatlarını yenidən aktuallaşdırıb. 

Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğu ciddi təhlükəsizlik problemlərinə yol açır. Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda ermənilərin qanunsuz silah daşıması ilə bağlı ərazidə keçirilən əməliyyat zamanı qarşı tərəfin təxribatı nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi şəhid oldu. Hadisə ilə bağlı Rusiya hərbi kontingenti yanlış informasiya yayaraq, guya ermənilərin silah daşımadığına dair fikir formalaşdırmağa çalışdı. Lakin Azərbaycan Müdafiə Nazirliyi Rusiya hərbi kontingentinin sülhməramlı adı altında qanunsuz erməni silahlılarına dəstək verməsi ilə bağlı videogörüntüləri ictimaiyyətə təqdim etdi. Bu, bir daha Rusiyanın üçtərəfli bəyanatdan irəli gələrək öz missiyasını, Ermənistan isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini isbatlayır. Nəticədə bölgədə gərginlik özünün pik həddinə çatmaqdadır. İndiki halda vəziyyətin gərginləşməsi isə Azərbaycanı adekvat addımlar atmağa məcbur edir. Azərbaycan yaxın vaxtlarda antiterror əməliyyatı keçirəcəkmi?    

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“ABŞ və Avropa hayların marağından çıxış edir”

Milli Məclisin deputatı Sahib Alıyev mövzu ilə bağlı “Kaspi”yə açıqlamasında bildirdi ki, ABŞ və Avropa Birliyinin Qafqaz üzrə xüsusi nümayəndələrinin bölgəyə səfərlərdən sonra verdikləri açıqlamalar vəziyyətin doğrudan da gərgin olduğunu göstərdi:

“Bu gərginliyin yaranmasında qətiyyən maraqlı olmayan bir tərəf var, o da Azərbaycandır. Biz, özəlliklə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin burada mümkün qədər hayların maraqlarından çıxış etməyə çalışdığını yaxşı bilirik və görürük. Ən azından, bu, açıqlamalarından bəllidir. Ancaq bütün bunlara rəğmən, Toivo Klaar özü belə Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh tərəfdarı olduğunu dilə gətirdi. Eyni yanaşmanı Toivo Klaardan fərqli olaraq nisbətən neytrallığını qoruyub saxlamaqla ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da təsdiqlədi. Həm də etiraf etdi ki, Laçın yolu ilə qanunsuz yüklər daşınıb”.  

“Yeganə yol odur ki….”

S.Alıyev bildirdi ki, bu yüklərin daşınmasının qarşısının alınmasının bir yolu var. O yol, Toivo Klaarın dediyi kimi, heç də Rusiya hərbi kontingentinin blok-postlarına yeni avadanlıqların quraşdırılmasından keçmir. Çünki bizim Müdafiə Nazirliyi də açıq şəkildə bildirdi ki, bir çox halda bu qanunsuz daşımaların başında elə həmin Rusiya hərbi kontingenti durur:

“Bunun qarşısının alınmasının yeganə yolu odur ki, Ermənistanla şərti sərhəddə – Laçın yolunun başlanğıcında Azərbaycan özünün sərhəd-nəzarət məntəqəsini qursun. Ermənistandan gələn və gedən yüklər, eyni zamanda adamlar orada yoxlamadan keçirilib buraxılsın. Əks təqdirdə, Qarabağda təxribatlara son qoyulmayacaq. Hayların əllərində alət olduğu geosiyasi oyunçuların təkidi ilə qarşıda daha böyük gərginliklər ola bilər. Fikrimcə, hər an antiterror əməliyyatı gözlənilir. Bunun Azərbaycan öz sərhəd-nəzarət məntəqəsini qurmaq istəyəndə, addımlarına qarşı dirəniş göstəriləcəyi təqdirdə reallaşması mümkündür. Bir daha vurğulayıram ki, bu cür arzuolunmaz halların baş verməməsi üçün birinci, sərhəd-nəzarət məntəqəsi qurulmalıdır. İkinci, Qarabağdakı qanunsuz silahlı birləşmələr təcili şəkildə oradan çıxarılmalıdır. Bunlar baş vermədiyi təqdirdə orada hər an təxribat və ona cavab əməliyyatı gözlənilir”. 

Vəziyyət barıt çəlləyini xatırladır

Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Qarabağ iqtisadi rayonunda gərginliyin pik həddə çatmasının əsas səbəbi Rusiya hərbi kontingentinin öz vəzifə borcunu tam həcmdə yerinə yetirməməsindən qaynaqlanır: “Birgə bəyanatın imzalanmasından 30 ay keçməsinə baxmayaraq, Qarabağ iqtisadi rayonunda hələ də qanunsuz erməni silahlılarının mövcudluğunu müşahidə edirik. Onların zaman-zaman atəşkəsi pozması, son dəfə isə Azərbaycan hərbi qulluqçularını şəhid etməsi bu gərginliyi pik həddə çatdırıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya sülhməramlı kontingentinin nəinki qanunsuz erməni silahlılarını tərksilah etmədiyi, əksinə, onların təminat, təchizatında artıq birbaşa iştirakı məlum olur. Belə olan halda həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyinin verdiyi bəyanatları da nəzərə almaqla hazırkı durumu barıt çəlləyinə bənzədə bilərik”.

Silah-sursat daşınmasının qarşısını almaq üçün…

Ə.Verdiyevin fikrincə, həm ictimaiyyətdə, həm rəsmi dövlət qurumları tərəfindən səslənən bəyanatlardan məlum olur ki, Azərbaycan istənilən halda erməni silahlılarının ərazidən çıxarılması və qanunsuz silah-sursat daşınmasının qarşısını almaq üçün ciddi addımlar atmaq qərarına gəlib:

“Bu addımlar təbii ki, ilk növbədə delimitasiya olunmayan Azərbaycan- Ermənistan şərti sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulmasını, həm də rus hərbçilərinin nəzarətində olan ərazilərdə təmizləmə əməliyyatının həyata keçirilməsini nəzərdə tutur. Proseslərin bundan sonrakı inkişafı daha çox Ermənistan və Rusiyanın üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsindən asılı olacaq. Yaxın müddətdə Azərbaycan təzyiqlərini daha effektiv və təsirli bir şəkildə davam etdirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir