• Ç. Noy 27th, 2024

Azərbaycan lideri: “Azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur”

ByYenigun.news

Apr 12, 2022

“Azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur. Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki, hazırlıq işləri çox vaxt aparır. Çünki layihələndirmə işləri düzgün aparılmalıdır, yerlər düzgün seçilməlidir. Harada kanal çəkiləcək, harada su anbarı tikiləcək – bu, doğrudan da vaxt aparan məsələdir. Ona görə mən heç kimi tələsdirmirəm. Amma, eyni zamanda, artıq təsdiq edilmiş layihələrin icra edilməsi üçün də biz mütləq vəsait tapmalıyıq. Burada da qeyd olundu ki, biz indi büdcəni profisitlə icra edirik. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Yəni, bizim indi imkanımız var”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.

“Suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Bu layihələr elə icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun. Bax, buna da çox ciddi fikir vermək lazımdır. Çünki azad edilmiş torpaqların relyefi belədir ki, – xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə tuturam, – oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Eyni zamanda, biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik. İşğal dövründə çaylarımız da ekoloji terrora məruz qalmışdır, çaylarımız da işğal altında idi və düşmən bizi çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər çayı isə Azərbaycanın ən böyük çaylarından biridir. Suqovuşan ermənilərin əlində olduğu üçün yayda suyu kəsirdilər, bizə qarşı ekoloji terror törədilmişdi. Qışda isə buraxırdılar ki, o da daşqınlara səbəb olurdu”, – Azərbaycan Prezidenti bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir