“Yaxın vaxtlarda Azərbaycan-Mərakeş birgə ikitərəfli komissiyasının iclasının keçirilməsi planlaşdırılır”.
“Report” xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bu ölkənin dövlət bayramı – Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, komissiyanın iclası ölkələrə həm hüquqi bazalarını, həm də sektorlararası əməkdaşlığı daha da gücləndirməyə və şaxələndirməyə imkan verəcək.
Diplomat vurğulayıb ki, Mərakeş və Azərbaycan yaxın bir neçə ay ərzində ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək bir sıra mühüm tədbirlərə hazırlaşır, iki ölkə arasında yüksək səviyyəli səfərlər nəzərdə tutulub.
“Hər iki ölkənin ombudsmanının qarşılıqlı səfəri vətəndaş hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlığın yeni səhifəsini açıb. Əməkdaşlıq təhsil, mədəniyyət, idman, eləcə də minalardan təmizləmə kimi sahələrdə genişləndirilib”, – o əlavə edib.
A.Embarş, həmçinin Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.