“Təəssüf olsun ki, son rəqəmlər göstərir ki, minaların təmizlənməsinə ayrılan vəsaitlər azalır”.
Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanda minaların təmizlənməsində əməkdaşlıq, təcrübələrin mübadiləsi və ANAMA-nın potensialının artırılması nəzərdə tutulur:
“Beynəlxalq tərəfdaşlarımız tərəfindən qeyd edildiyi kimi, Azərbaycan çox unikal bir model təqdim edib. Məqsədimiz minalardan təmizlənmiş Azərbaycanı təmin etməkdir. Hesab edirik ki, təkmilləşməyə hələ bir çox imkanlar var. Bizim hökumətimiz əməkdaşlıqların bütün faydalı formalarına açıqdır. Azərbaycan müntəzəm və illik müzakirələr, minaların təmizlənməsi tədbirlərinin beynəlxalq səviyyədə müzakirə edilməsi üçün çox gözəl məkandır. Bu barədə “Global Trust Fund”un yaradılmasını təklif edirik.
Bütün BMT agentliklərini, xüsusilə də BMT-nin İnkişaf Proqramının Bakı ofisinin bütün həmkarlarının səylərini yüksək qiymətləndiririk. Praktiki nəticə kimi qlobal fondun yaradılması təşəbbüsünü təklif edirik.
Sonda qeyd edim ki, minaların təmizlənmə prosesini pozitiv şəkildə həyata keçirmək üçün kollektiv fəaliyyət tələb olunur. Azərbaycan minatəmizləmə icması ilə işləməyə, əməkdaşlıq platformalarının açılmasına hazırdır”.