• Ça. Noy 26th, 2024

“Azərbaycan Ordusu həmişə xalqımızın qarantı olacaq” – RƏY + FOTO

ByYenigun.news

İyn 26, 2023


“Azərbaycanda ordu quruculuğuna diqqət yüksək səviyyədədir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin yaranması ölkəmizin həyatında ən vacib tarixi hadisələrdən biridir: “Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk nizami ordunun yaradılması ilə bağlı verdiyi qərar xalqımızın milli ordu quruculuğu ilə bağlı arzularının ilk nümunəsidir.  Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Milli Ordumuzun inkişaf tarixi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ulu öndərin rəhbərliyi ilə ordumuzun formalaşması istiqamətində ciddi işlər görüldü. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Bu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı”.

Deputat bildirib ki, ordu quruculuğu prosesi bütövlükdə Azərbaycan dövlətinin inkişafı ilə bağlı çox vacib məqamlardan biridir: “Təəssüf ki, müstəqilliyin ilk illərindən torpaqlarımızın işğal altına düşməsi nəticəsində bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Bu hadisədən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri məhz işğal altında olan torpaqlarımızı geri qaytarmaq, ərazi və sərhəd bütövlüyümüzü təmin etmək idi. Təbii ki, bu istiqamətdə kifayət qədər işlər aparılırdı. Bu işlərin içərisində əsas məsələlərdən biri ordu quruculuğu prosesinin sürətlə həyata keçirilməsi idi. Məhz Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndən sonra bütün sahələrdə inkişaf sürətlə davam etməyə başladı. Dövlət başçımızın rəhbərliyi ilə iqtisadi gücümüz, maliyyə imkanlarımız artdıqca, ordu quruculuğuna daha da diqqət yetirildi. Təsadüfi deyil ki, hər il dövlət büdcəsindən ordu quruculuğu və təhlükəsizlik sahəsinə ayrılan vəsait digər sahələrə nisbətdə daha çox olurdu. Biz də həmişə fəxrlə deyirdik ki, Azərbaycanın ordu quruculuğu və təhlükəsizlik sahəsinə ayrılan vəsait Ermənistanın ümumi büdcəsi qədərdir”.

M.Abbaszadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, müasir silahların alınması, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, əsgər və zabitlərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar Azərbaycan Ordusunun sürətlə inkişaf etməsinə gətirib çıxarıb: “Məhz bunun nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna diqqət yüksək səviyyədədir. Ölkəmizdə hazırda da ordu quruculuğu ilə bağlı proses davam etdirilir. Artıq Azərbaycanda yeni hərbi birləşmələr yaradılır. Ordumuzun yüksək səviyyədə inkişaf etməsinin əsas səbəblərindən biri də Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişmiş Azərbaycan gəncliyidir. Bunlar vətənpərvər, dövlətini, torpağını sevən və vətənə sədaqət andı içən gənclərdir. Hesab edirəm ki, bundan sonrakı müddətdə də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sürətlə inkişaf edəcək və həmişə xalqımızın qarantı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir