“Ermənistan və onun dayağı olan Fransa açıq şəkildə Azərbaycana qarşı düşmənçiliyi ifadə edirlər. Amma unutmasınlar ki, Azərbaycan özünə qarşı işlədilən hər bir ədalətsizliyə cavab vermək iqtidarındadır və öz ərazisinə heç bir missiyanın gəlişinə icazə verməyəcək. Hadisələrin bu ruhda inkişafı Azərbaycanı yeni addımlar atmağa vadar edəcək”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində acı məğlubiyyətə uğramış Paşinyan müharibədən sonra bir müddət heç başını belə, qaldıra bilmirdi və Azərbaycanın dedikləri ilə razılaşırdı:
“Təbii ki, bu da ölkələrarası sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmişdi. Çünki Paşinyanın başqa yolu qalmamışdı. Amma Rusiya-Ukrayna müharibəsinin başlaması və Qərbin Rusiyaya qarşı birləşməsindən istifadə edən Paşinyan dərhal Fransanın ağuşuna girdi və Makrona yalvarmağa başladı. Yenə də əvvəlki kimi yalan məlumatlar üzərində siyasətini qurdu və ritorikasını dəyişdirdi. Hətta Makron vasitəsilə məsələləri BMT TŞ səviyyəsinə çıxara bildi. Amma bütün cəhdləri iflasa uğrayaraq BMT-nin gündəliyinə salınmış məsələləri geri çəkməyə məcbur oldu”.
A.Badamov bildirib ki, ötən ilin dekabr ayının 12-dən başlayaraq Xankəndi-Laçın yolunda davam edən aksiyaların məqsədi məlumdur:
“Hamı bilir ki, yol humanitar məqsədlər üçün bağlı deyil. Amma Ermənistan dünyaya hay-həşir salıb Qarabağın guya blokadada olduğunu və oradakı hayların faciə ilə qarşılaşdığını deyir. Əslində, Fransa oradakı real vəziyyətdən xəbərdardır. Sadəcə, Fransa Avropada özünün imkanlarından istifadə edərək Azərbaycana təzyiq göstərməyə can atır. Bu təzyiqlərin açıq forması 6 oktyabr Praqa görüşündə həyasızcasına göstərilməyə başladı”.
“Prezident İlham Əliyevin qətiyyəti və məsələləri dəqiqliklə idarə etməsi Fransa və Ermənistanı bu görüşdə dalana dirədi və hətta Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməyə məcbur oldu”, – deyən parlament üzvü əlavə edib ki, Ermənistana qısamüddətli müşahidə missiyasının göndərilməsini razılaşdıra bildilər.
“Təbii ki, bu görüşdən sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi dalana dirəndi və demək olar ki, donduruldu. İndi isə Avropa İttifaqı Azərbaycanla razılaşdırılmadan 200 nəfərdən ibarət müşahidə missiyasının iki illik müddətə Ermənistana göndərilməsini qərara aldı. Bu istəyinə də nail olan Paşinyan daha da ruhlanıb bütün sərhədləri aşaraq artıq missiyanın Xankəndi-Laçın yoluna və Qarabağa yerləşdirilməsindən danışır.
Paşinyan və ya Makron Azərbaycan ərazisinə missiyanı göndərməkdən danışanda Azərbaycandan bunu soruşublarmı? Təbii ki, yox. Onlar elə biliblər ki, Azərbaycan Fransanın müstəmləkəsində olan Afrikanın bir əyalətidir. Amma unudublar ki, Azərbaycan müasir ordusunun vasitəsilə Ermənistanın 30 ildə yaratdığı bütün müdafiə xətlərini 44 gündə məhv edərək qələbəyə imza atan ölkədir. Fransa və Ermənistan görürlər ki, Ukrayna müharibəsində Rusiyaya qarşı bütün dünya birləşib və Rusiyanı məğlub etməyə çalışır. İndi bu ssenarini Ermənistanın yalan informasiyaları üzərində Azərbaycana qarşı işlətmək üçün dəridən-qabıqdan çıxırlar. Amma unudurlar ki, burada vəziyyət tamamilə başqadır. Yəni Azərbaycan heç kimin ərazisinə hücum etməyib və özü 30 ildə Ermənistanın işğalından əziyyət çəkib”, – deputat əlavə edib.
Azər Badamov xatırladıb ki, bu gün Azərbaycan ərazisinə monitorinq missiyasının göndərilməsindən danışanlar ərazilərimizin 30 il işğal altında olduğu dövrdə və BMT TŞ, ATƏT və digər beynəlxalq təşkilatlar ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistan qoşunlarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qərarlar qəbul etdiyi halda, bu məsələ ancaq masa üzərində saxlanıldı və ermənilərin işğal etdiyi ərazilərimizə bir dəfə də olsun müşahidə missiyasının göndərilməsindən danışmadılar:
“Hətta dünya mədəni irsinin qorunmasından danışan UNESCO Azərbaycanın müraciətlərini cavabsız saxladı. İndi necə olur ki, Laçın yoluna və Qarabağa Avropa İttifaqının müşahidə missiyasının göndərilməsi məsələsini gündəmə gətirmək istəyirlər? Təbii ki, Ermənistan və onun dayağı olan Fransa açıq şəkildə Azərbaycana qarşı düşmənçiliyi ifadə edirlər. Amma unutmasınlar ki, Azərbaycan özünə qarşı işlədilən hər bir ədalətsizliyə cavab vermək iqtidarındadır və öz ərazisinə heç bir missiyanın gəlişinə icazə verməyəcək. Hadisələrin bu ruhda inkişafı Azərbaycanı yeni addımların atılmasına vadar edəcək. Bu addımlar təcilli şəkildə Xankəndi-Laçın yolunun Ermənistanla sərhəddə gömrük-nəzarət məntəqələrinin yaradılması ilə davam etməlidir. Həm də beynəlxalq gündəliyimizə 32 il blokadada olan Naxçıvanı salmalıyıq. Bütün dünyaya car çəkməliyik ki, 500 minə yaxın azərbaycanlı 32 ildir ki, Naxçıvanda blokadadadır və onların humanitar problem yaşadığına inandırmalıyıq.
Necə olur ki, Avropa İttifaqı 30 min erməninin humanitar problemindən danışır, amma 500 minə yaxın Naxçıvanda yaşayan azərbaycanlının pozulmuş hüququndan və çəkdikləri əziyyətlərindən danışmır?! Biz bu məsələni ciddi şəkildə qabartmalı, Naxçıvanda Zəngəzurla sərhəddə dəhlizin açılması ilə bağlı aksiyalar keçirərək beynəlxalq birliyin diqqətini uzun sürən bu problemə yönəltməliyik. Paşinyanın bu gün ritorikasını dəyişməsi Fransaya arxayınlaşmasından irəli gəlir. Nə Ermənistan, nə də Fransa unutmasınlar ki, Azərbaycan heç vaxt öz ərazisindən bir metri belə, güzəştə getməyəcək. Xalqımız, lazım gələrsə, hamılıqla silaha sarılmaqla düşmənlərə qarşı yenidən mübarizəyə qalxmağa hazırdır. Amma ümid edirəm ki, yenidən silaha əl atmağımıza ehtiyac yaranmayacaq və yarımçıq qalmış məsələlər danışıqlar masasında öz həllini tapacaq”.