Azərbaycanın İslandiyadakı səfiri Elin Süleymanov İslandiya Prezidenti Qudni Yohannessona etimadnaməsini təqdim edib.
Bu barədə “Report”a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Protokola uyğun olaraq səfir xüsusi müşayiət ilə Prezident iqamətgahı Bessastadir sarayına gətirilib.
Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Prezident Qudni Yohannessona çatdırıb.
E.Süleymanov Azərbaycanın İslandiyada səfir kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.
Öz növbəsində, Prezident Qudni Yohannesson Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. O, həmçinin səfir Süleymanova fəaliyyətində uğurlar arzu edib.
Söhbət əsnasında, tərəflər son illər ərzində Azərbaycanla İslandiya arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair perspektivləri müzakirə ediblər.
Sonda səfir Prezident Yohannessona səmimi qəbul üçün təşəkkürünü bildirib, geotermal suların istilik enerjisi, alternativ enerji mənbəsi kimi istifadəsi ilə dünyada məşhur İslandiya təcrübəsinin öyrənilməsi və azad olunmuş ərazilərdə tətbiqi kimi perspektiv vəd edən bütün sahələrdə İslandiya ilə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün əlindən gələni edəcəyini bildirib.
Mərasimdən sonra İslandiya Respublikasında etimadnamələri təqdim edən səfirlər ilə görüşdə Prezident Yohannesson İslandiya xarici siyasətinin prioritetlərindən, əsas istiqamətlərindən söz açaraq, dünyada beynəlxalq hüquqa hörmətlə yanaşılmasının vacibliyini qeyd edib.
Bu xüsusda İslandiya hökumətinin iqlim dəyişikliyi məsələsinə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, səfir Süleymanov azad olunmuş ərazilərin Prezident İlham Əliyev tərəfindən gələcəkdə “net zero” – 0 karbon tullantı zonasına çevriləcəyini qeyd edib.
İslandiya səfəri çərçivəsində Azərbaycan səfirliyinin nümayəndələri İslandiya Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri ilə ikitərəfli münasibətlər, regionumuzda mövcud vəziyyət, eləcə də Azərbaycan rəhbərliyinin davamlı sülhün bərqərar olması və bütün bölgəmizin dayanıqlı inkişafına yönəldilmiş strategiyası, Avropada enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar fikir mübadiləsi aparıblar.