• Ca. Okt 31st, 2024

Azərbaycan səfirliyinə terror hücumu və Avropa İttifaqının görmədiyi faktlar – ŞƏRH + FOTO

ByYenigun.news

Yan 27, 2023

Terror ən təhlükəli cinayətdir. Bəzi rejimlər öz mahiyyətlərini belə hadisələr törətmək, yaxud onu himayə etməklə göstərirlər. Beynəlxalq ictimaiyyətin terror aktı təşkil edən, onun arxasında dayanan ölkələri vaxtında cəzalandırmaması belə halların daha da geniş yayılmasına səbəb olur.

Hətta Avropa İttifaqı (Aİ) kimi beynəlxalq təşkilat terroru müdafiə edən dövlətləri öz adı ilə çağırmaqdan ehtiyat edir. Ancaq Cənubi Qafqaza, Ermənistanın Azərbaycanla sərhədyanı bölgəsinə missiya göndərir.

Yaxud Rusiya Ruben Vardanyanı Azərbaycanın Qarabağ iqtisadi rayonuna göndərir, qalmaqal başlayanda bu cinayətkarın məsuliyyətini üzərindən atmaq üçün onu vətəndaşlıqdan çıxarır. Guya Vardanyanın xahişi ilə bu addım atılıb.

Həm Aİ, həm də Rusiya bununla guya Ermənistanla Azərbaycan arasında mövcud olmayan münaqişəni tənzimləmək istəyir. Əslində bu iki ölkə arasında həllinə ehtiyac olan başlıca məsələ sərhədlərin müəyyənləşdirilməsidir. Moskva və Brüssel buna diqqət ayırmaqdansa, mövcud olmayan silahlı qarşıdurmanın qarşısını almağa yersiz səy göstərir, monitorinq aparır, mənasız sülhməramlı missiya göndərir.

Bəs Orta Şərqdə, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi hansı dövlət təhdid edir?

Bunun birmənalı olaraq İran olduğunu söyləyə bilərik. Tehran rejiminin Orta Şərqdə pozuculuq fəaliyyətini təsdiqləyən çoxsaylı faktlar mövcuddur. İranın Fələstin, Livan, Yəmən, İraq və Suriyadakı açıq-aşkar törətdiyi cinayətlər var. Yaxud İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) xaricdə fəaliyyət göstərən “Qüds” qanadının əməlləri bu fikri təsdiqləyir.

Cənubi Qafqazda İran hansı pozuculuq fəaliyyətlə məşğuldur?

Tehran rejimi Gürcüstanın müsəlman vətəndaşları arasında təfriqə salıb ölkənin təhlükəsizliyini təhdid edir. Bu ölkənin azərbaycanlı vətəndaşları İran rejiminin siyasi-ideoloji lideri Xomeyninin “İran islam inqilabı doktrinası” əsasında təlimatlandırılır. Onları Qum şəhərinə apararaq öz siyasi-ideoloji baxışlarını onlara təlqin edir. Həmin şəxslərdən Azərbaycana qarşı istifadə etməyə çalışır. Bununla da Azərbaycan-Gürcüstan münasibətlərini pozmaqla məşğul olur.

İran Bakı-İrəvan münasibətlərinin normallaşmasına da mane olur. Yeri gəlmişkən, Tehran rejimi 44 günlük Vətən müharibəsi zamanı Rusiyadan göndərilən hərbi texnika və silah-sursatı Ermənistana ötürməklə müharibənin uzun müddət davam etməsinə cəhd göstərib. İran Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən Qafan şəhərində Baş konsuluq açmaqla normallaşma prosesinə əngəl yaradıb. Bundan başqa, Zəngəzur dəhlizinin açılması ilə bağlı cəfəng iddialar irəli sürərək dövlətlərarası normallaşma prosesinə mane olub.

İran rəsmi Bakı ilə İrəvan arasında tarazlaşdırılmış siyasət həyata keçirmək adı altında Ermənistanın iddialarını dəstəkləyərək tərəflər arasında etimadsızlığın artmasına təkan verir. İran hakimiyyəti keçmiş sovet məkanındakı münaqişələrdə, xüsusilə Ukraynadakı müharibədə Rusiyanın mövqeyindən çıxış etməklə də özünün terrorçu, pozuculuq mahiyyətini ortaya qoyur.

İranda etiraz aksiyaları

Son 3 ayda İranda etiraz aksiyaları keçirilir. Hakimiyyət dinc aksiya iştirakçılarının haqlı tələblərinə əməl etməkdə acizlik göstərir. Bu halda o, yenə mahiyyətindən doğan zorakılığa üstünlük verir. Bu günədək İran rejiminin hərbi-polis qüvvələri və SEPAH 600-dək aksiya iştirakçısını qətlə yetirib. ABŞ SEPAH-ı terrorçu təşkilat siyahısına daxil edib. Ancaq Ermənistana mülki monitorinq missiyası göndərən Avropa İttifaqı SEPAH-ı terrorçu elan etməsi üçün “kifayət qədər fakt” olmadığını bildirir.

Qeyd edək ki, ittifaqın təhlükəsizlik və siyasi məsələlər üzrə ali komissarı Jozep Borrel bildirib ki, SEPAH-ın terrorçu elan olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin uyğun qərarı olmalıdır: “Xoşuna gəlmədiyinə görə kimisə terrorçu elan etmək olmaz”. Belə çıxır ki, Orta Şərqdə, Cənubi Qafqazda, post-sovet məkanında İranın əsas silahlı qüvvəsi sayılan SEPAH-ın fəaliyyəti bu qruplaşmanı terrorçu kimi tanımaq üçün yetərli deyil.

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumun arxasında da bu silahlı birləşmənin durduğu istisna edilmir. SEPAH onsuz da diplomatik nümayəndəliyə hücum edənlər tərəfindən yaradılıb. 1979-cu il noyabrın 4-də Xomeyninin tərəfdarı olan bir qrup iranlı tələbə (onlara “İmam xəttinin davamçıları” və ya “Xətti imam” deyirlər) Tehranda ABŞ səfirliyinə hücum edərək 66-sı amerikalı olmaqla 99 nəfəri girov götürüblər. Onlar ABŞ-dən İranın keçmiş hökmdarı, Məhəmmədrza Pəhləvinin ekstradisiyasını tələb edirdilər.

Sonradan bu dəstənin “Xətti imam”çıların bazasında İslam İnqilabi Keşikçiləri Korpusu yaradılıb. Hazırda bu silahlı qruplaşma İran həyatının bütün sahələrinə, eləcə də rejimin xaricdəki fəaliyyətinə nəzarət edir, müəyyənləşdirilən siyasəti həyata keçirir. SEPAH hakimiyyət içində hakimiyyətdir. Tehran rejiminin əsas fiqurları terrorçuluğa görə sanksiyaya məruz qalıblar. Onların arasında korpusun rəhbərləri də var.

Bu halda SEPAH-ın terrorçu təşkilat elan olunmasına nə mane olur? Odur ki, Avropa İttifaqının Cənubi Qafqazda vəziyyətin normallaşmasına ilk növbədə İrandan başlaması daha məntiqli görünür. Öz vətəndaşlarına hörmət etməyən, onları haqlı etiraza görə qətlə yetirən bir rejim heç şübhəsiz region üçün təhlükə və təhdid mənbəyidir. Beynəlxalq ictimaiyyət regionu zəhərləyən, dövlətlərarası münasibətlərə zərbə vuran bu hakimiyyəti yerində oturtmaqda gecikir. Çürük rejim qaldıqca daha çox üfunət yayır…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir