Azərbaycan Respublikasının Gənclər Fondunun, ADA Universitetinin, Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 2-də Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlunun və türkiyəli millət vəkili Rümeysa Kadakın iştirakı ilə konfrans təşkil edilib.
ADA Universitetində keçirilən konfrans Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tələbələrdən və gənclər təşkilatlarının nümayəndələrindən ibarət olan auditoriyanın iştirakı ilə təşkil edilən konfrans Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn inkişafında ölkə gənclərinin rolunun əhəmiyyəti və gələcək prioritet istiqamətlərdə iştirakı barədə müzakirələr məqsədi ilə həyata keçirilib.
Konfransda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə başlayan və müasir dönəmimizdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ən yüksək həddə çatan Azərbaycan-Türkiyə münasibətlərinin, dost və qardaş ölkə olması ilə yanaşı strateji müttəfiq, iqtisadi-ticarət, humanitar, hərbi və digər bütün istiqamətlərdə uğurla davam etdiyini xüsusi vurğulayaraq hər iki ölkə gənclərinin bu prosesdə dəstəyi, gələcək inkişafında atılacaq addımlar barədə fikirlər səsləndiriblər. Fond və ADA Universiteti tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumatı iştirakçılarla bölüşən çıxışçılar gənclərin bu layihələrdə xüsusi fəallığını dilə gətirərək gələcək prioritetləri diqqətə alıb hər iki ölkə gənclərinin bu fəaliyyətlərdə daha yaxından iştirakının əhəmiyyətini vurğulayıblar.
Daha sonra konfransın spikerləri Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Böyük Millət Məclisinin gənc deputatı Rümeysa Kayak tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməsində gənclərin rolunu xüsusi vurğulayıblar. Türkiyənin hər iki ölkə gənclərinin qardaşlaşmasında həyata keçirdiyi siyasət və bu siyasətdən irəli gələn fəaliyyətlər barədə geniş məruzə ilə çıxış edən rəsmilər gələcək planlara toxunaraq Azərbaycan və Türkiyə gənclərinə bu fəaliyyətlərdə uğurlar arzulayıblar.
Spikerlərin çıxışlarından sonra konfransda iştirak edən gənclərin sualları cavablandırılıb və təklifləri dinlənilib.
Konfrans xatirə fotosunun çəkilişi ilə başa çatıb.