Dekabrın 14-də Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin Birinci Zirvə Görüşünə dair 25 bənddən ibarət birgə bəyanat yayılıb.
Bəyannamədə Türkiyə, Türkmənistan və Azərbaycanın ortaq tarix, dil, mədəniyyət baxımından yaxınlıqları əsasında yaxın bağların inkişaf etdirilməsi və dərinləşdirilməsi arzusu ilə hüquq bərabərliyi, qarşılıqlı hörmət və faydalılıq prinsiplərinə söykənən dövlətlərarası münasibətləri inkişaf etdirməyə yönəlmiş vədləri yer alıb.
Birgə bəyanatda enerji və təbii qaz təchizatı sahəsində əməkdaşlığın inkişafının xüsusi əhəmiyyəti vurğulanıb. Üç ölkə, həmçinin, iqtisadi əməkdaşlığı gücləndirmək, bunun üçün də mövcud hüquqi bazanı daha da inkişaf etdirmək məsələsində razılığa gəlib. Bu məqsədlə tərəflər birgə fəaliyyət və layihələri, o cümlədən mümkün investisiyaları, enerji resurslarının sabit və etibarlı təchizatının və tranzitinin inkişafını dəstəkləyiblər.
Bəyanatın 1-ci bəndində tərəflərin bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və sarsılmaz dəstəyi təsdiq edilir.
3-cü bənddə Türkiyə Cümhuriyyəti və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının üzvləri olaraq Azərbaycan Respublikasını ərazilərinin işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ediblər.
21-ci bənddə tərəflər türk, türkmən və Azərbaycan türklərinin ortaq tarix, dil, mədəniyyət irsinə əsaslanan mədəniyyət sahəsində əməkdaşlığın inkişafını və Elm, Təhsil və Mədəniyyət Sahələrində Əməkdaşlıq Çərçivə Proqramının imzalanmasını qiymətləndiriblər.
25-ci bənddə isə tərəflər mütəmadi olaraq üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğulayaraq növbəti görüşün Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediblər.
Mənbə: Anadolu