“Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır”.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Avropa İttifaqının (Aİ), xüsusilə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəal rolunu qeyd edib, Aİ-nin təşəbbüsü ilə artıq 2 dəfə üçtərəfli görüşün baş tutduğunu xatırladıb.
“Biz həmçinin telefon danışıqları aparırıq. Mayın əvvəlində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır”, – Prezident İlham Əliyev bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.