• Ca. Noy 28th, 2024

Azərbaycan və Fransa səfirliyə hücumla bağlı cinayət işinin istintaqında əməkdaşlıq edəcək – FOTO

ByYenigun.news

Sen 22, 2022

Azərbaycan və Fransa Parisdəki səfirlimizə hücumla bağlı cinayət işinin istintaqının əməkdaşlıq çərçivəsində aparılmasını razılaşdırıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Zakari Qrosa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda aparılan bərpa və yenidənqurma işləri haqda səfiri məlumatlandırıb. Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda fəaliyyətini məmnunluqla bildirərək Fransanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini, eləcə də iki ölkə arasında iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunaraq ikitərəfli məsələlərin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib. Fransanın Qarabağda minatəmizləmə fəaliyyətində iştirak etdiyini bildirən səfir, ölkəsinin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Z.Qros ölkəmizin prokurorluq orqanlarında aparılan köklü islahatları yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan prokurorluğunun əməkdaşlarının Fransanın Dövlət Qulluğu üzrə Milli İnstitutu (keçmiş ENA) və Milli Magistrantlar Məktəbində (ENM) təcrübə keçmələri üçün geniş imkanlar olduğunu bildirib.

Daha sonra sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Baş prokuroru tərəfindən başlanan cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunaraq bu barədə müvafiq razılıq əldə olunub.

Səfir Qros baş verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağını qeyd edib.

Həmçinin bildirilib ki, ölkəmizin Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda tam şəkildə polis tərəfindən qorunur. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir