“Bəzi Qərb dairələri və xüsusilə erməni lobbisinin Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək cəhdləri iflasa uğradı”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Rumıniya Prezidenti ilə yanaşı Qərbin bir çox ölkələrindən gələn rəsmilər iştirak edərək Azərbaycanın layihələrinə çox böyük dəstək veriblər:
“Azərbaycanın qaz, neft və yaşıl enerji kimi strateji layihələri Avropa üçün artıq yeni imkanlar yaradır. Bütün bunlarla yanaşı Azərbaycan Xəzər dənizi vasitəsilə nəqliyyatı təmin edir ki, bu da Avropa ilə Şərqi birləşdirir. Keçirilən iclaslarda bu məsələlərin hər biri müzakirə mövzusu olub”.
Onun sözlərinə görə, Azərbaycan hazırda ənənəvi enerji ilə yanaşı yaşıl enerji istiqamətində meqalayihələr həyata keçirir:
“Rumıniya, Macarıstan və Avropanın digər ölkələri Azərbaycanın istehsal etdiyi yaşıl enerjidən də bəhrələnmək imkanı əldə edəcək. Azərbaycanın enerji sahəsindəki strateji inkişafı Avropanın enerji təhlükəsizliyinə böyük dəstəkdir. Hazırda Avropada ciddi enerji qıtlığı var və ona görə də Azərbaycanın enerji sahəsindəki layihələri Avropa üçün nəfəslik rolunu oynayır. Bu gün Azərbaycan İtaliyanı 15 faiz enerji ilə təmin edə bilir. Bu çətin günlərdə Azərbaycanın dəstəyi İtaliya sənayesinin inkişafı və davamlılığına öz töhfəsini verir. Bunu İtaliya rəhbərliyi də xüsusi olaraq vurğulayır. Bir sözlə Azərbaycanın enerji sahəsindəki layihələri Avropanı enerji böhranından çıxmasına ciddi köməklik edəcək”.
“Bütün bunlar Azərbaycana qarşı aparılan böhtan kampaniyasına tutarlı cavab, eyni zamanda Azərbaycanla rəqabət aparmağa çalışan ölkələrə verilən ciddi mesajdır”, – deyə A.Mollazadə vurğulayıb.