• Ca. Noy 28th, 2024

Azərbaycan Zəngəzur dəhlizinə beynəlxalq miqyasda böyük maraq yaradıb – ŞƏRH

ByYenigun.news

İyn 14, 2022

Cənubi Qafqaz regionunda bu gün ən məhdud nəqliyyat və tranzit imkanlarına malik ölkə Ermənistandır. Bu ölkənin nəqliyyat sahəsində həyata keçirmək istədiyi transmilli layihələr ya kağız üzərində qalıb, ya da ən yaxşı halda əhəmiyyət kəsb etməyən həcmdə, natamam şəkildə icra olunub. Məsələn, Ermənistanın 2009-cu ildə start verdiyi transmilli “Şimal-Cənub” avtomagistralının indiyə qədər cəmi 5 faizlik hissəsi inşa edilib. O da beynəlxalq tələblərdən və standartlardan uzaq şəkildə. Hətta buna görə Ermənistan hökuməti avtomagistralın inşasında iştirak edən podratçı şirkətləri indi məhkəmə ilə hədələyir.

Bundan başqa, 2009-cu illə müqayisədə “Şimal-Cənub” avtomagistralı layihəsinin dəyəri artıb. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin hesablamalarına əsasən, bu layihənin qiyməti artıq 3,5 milyard ABŞ dollarına çatıb. Bu qədər vəsaiti ayırmağa nə Ermənistanın imkanı var, nə də hansısa xarici dövlət və beynəlxalq maliyyə qurumları rəsmi İrəvana bu həcmdə maliyyə vəsaitini kredit kimi ayırmaq niyyətində deyil. Çünki Ermənistan onsuz da xarici borc içində “üzür”, onların qaytarılması getdikcə çətinləşir. Eyni zamanda beynəlxalq miqyasda o da nəzərə alınır ki, Ermənistan xarici borclarını daha çox yeni götürdüyü borclar hesabına bağlamağa çalışır, çünki ölkə iqtisadiyyatı acınacaqlı haldadır, kreditləri bağlamaq qabiliyyətindən uzaqdır və gəlir gətirə bilən müəssisələrin az qala hamısı başqa ölkələrə məxsusdur.

Bu şəraitdə Azərbaycanın postmüharibə dövründə təşəbbüs və təklifləri Ermənistanın qarşısında nəqliyyat və tranzit daşımaları baxımından yeni perspektivlər açır. Söhbət ilk növbədə Zəngəzur dəhlizindən gedir. Məhz bu dəhliz işə düşəcəyi təqdirdə Ermənistanın xarici aləmə çıxışı ilə bağlı tamam yeni vəziyyət yaranacaq. Bu dəhliz üzərindən keçən avtomobil və dəmir yolu xətləri bütün iştirakçı ölkələr, o cümlədən Ermənistan üçün yeni böyük imkanlar yaradacaq. Bu inkişaf, ağır sosial-iqtisadi vəziyyətdən xilas üçün Ermənistanın bəlkə də yeganə şansıdır. Elə bu səbəbdən Zəngəzur dəhlizinin işə düşməsinə əngəl yaratmaq əvəzinə Ermənistan onun mümkün qədər tez istifadəyə verilməsində əsas maraqlı tərəflərdən biri olmalıdır. Lakin görünən budur ki, Ermənistan hələ də ağıla, məntiqə zidd fəaliyyətinə son qoymaq istəmir, müxtəlif bəhanələrlə dəhlizin çəkilişini uzatmağa can atır. Bununla bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində qeyd edir:

“Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir. Bölgədə kommunikasiya əlaqəsi baxımından ən məhdud ölkə Ermənistandır. Bu səbəbdən Zəngəzur dəhlizinin həyata keçirilməsinin digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir”.

Zəngəzur dəhlizi Ermənistana Azərbaycan üzərindən Rusiya, İran kimi bazarlara əlverişli çıxış imkanları yaradır. Buna da Ermənistanın son dərəcə böyük ehtiyacı var. Elə Ermənistanın Gürcüstan üzərindən Rusiyaya çıxışını təmin edən Yuxarı Lars keçid məntəqəsində real vəziyyətə nəzər salmaqla da bunun təzahürünü görmək olar. “Greenway” erməni logistika şirkətinin rəhbəri Yevgeniya Kazımyan bununla bağlı bildirir:

“Uzun illərdir ki, hamı Yuxarı Larsa aparan Hərbi Gürcüstan yolunda müntəzəm tıxaclara öyrəşib, lakin indi baş verənlər əsl fəlakətdir. Yuxarı Lars keçid məntəqəsinə çox kilometrlik xətt indi Ermənistan-Gürcüstan sərhədi tərəfdən Tbilisinin girişindən başlayır. Əvvəlki illərdə yük maşınlarının yaratdığı tıxacın uzunluğu xeyli kiçik idi və Mtsxetanın Duşeti şəhəri yaxınlığından başlayırdı. Amma indi bu xəttin uzunluğu xeyli artıb. Belarusdan olan və uzun illərdir əməkdaşlıq etdiyimiz tərəfdaşlarımız var, onlar artıq Ermənistana getməkdən imtina edirlər. Yaxınlarda meyvələrin, yəni tez xarab olan məhsulların mövsümü gəlir. Onları Yuxarı Lars keçid məntəqəsi ilə daşımaq mümkün olmayacaq”.

Halbuki, Azərbaycan üzərindən Ermənistan Rusiya bazarlarına əlverişli çıxış imkanı qazana bilər. Yuxarı Larsa alternativ, fəaliyyəti isə təbii şərtlərdən asılı olmayan yeni keçid məntəqələrini bu gün yalnız Azərbaycan Ermənistana təqdim etmək iqtidarında olan yeganə dövlətdir. Lakin bunun üçün Zəngəzur dəhlizinin reallaşması ilə bağlı erməni tərəfi üzərinə götürdüyü öhdəliklərinə əməl etməlidir. Bundan sonra Ermənistan ölkəmizin yaradacağı şəraitlə perspektivdə Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etməklə məhsullarını Orta Asiya ölkələrinə və ya əksinə daşımaq imkanları da qazana bilər.

Daha bir mühüm məqam ondan ibarətdir ki, İrana çıxış üçün də Azərbaycan ərazisindən tranzit olaraq istifadə olunması Ermənistan üçün böyük önəm kəsb edir. Hazırda İran və Ermənistan arasında yükdaşımalarda istifadə edilən avtomobil yolu çətin relyefdən keçir və bərbad haldadır. Zəngəzurda Azərbaycanın suveren ərazisində yerləşən Gorus-Qafan yolunun 21 kilometr hissəsinin yenidən ölkəmizin nəzarətinə qaytarılmasından sonra İrandan Ermənistana və əksinə yükdaşımalar daha da çətinləşib. Halbuki, Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsindən sonra Ermənistanın da buradan keçəcək dəmir yolu vasitəsilə İrana çıxış əldə edə biləcəyini bəyan edib. Eyni zamanda rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açılmasına imkan yaratmağa hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə bildirib.

Ermənistan onsuz da Zəngəzur dəhlizinin açılmasını əngəlləmək iqtidarında deyil və Azərbaycan Prezidenti İlham Əliyev bu dəhlizin mütləq şəkildə işə düşəcəyini bildirib. İndi Ermənistanda da etiraflar səslənir ki, Azərbaycan liderinin dedikləri mütləq şəkildə reallıqda da öz əksini tapır. Bundan əlavə Zəngəzur dəhlizinin açılmasında bu gün Rusiya, Qərb dünyası, hətta Çin xüsusi maraqlı tərəf kimi çıxış edirlər. “Nezavisimaya qazeta” yazır ki, indiki geosiyasi şəraitdə Rusiya dost ölkələrin ərazilərindən istifadə etməklə Zəngəzur dəhlizi ilə Türkiyəyə quru yolla çıxış imkanı qazanacaq. Bundan başqa, dəhliz Rusiyaya Fars körfəzindən dünya limanlarına yeni birbaşa çıxış imkanları açacaq, onun Hind okeanı hövzəsi ilə ticarət bağlantısını asanlaşdıracaq. Elə bu səbəbdən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərində regionda Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyaların açılması xüsusi diqqət mərkəzində yer alıb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çin üçün də Zəngəzur dəhlizinin açılması, Cənubi Qafqazda kommunikasiyaların bərpası xüsusi maraq dairəsində yer alır. Zəngəzur dəhlizinin işə düşməsi Çinin ideya müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Quo Min də bildirib ki, Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinə böyük töhfə verəcək. Zəngəzur dəhlizinin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artırmaq iqtidarındadır. Elə bu səbəbdən sözügedən dəhlizin açılması ilə bağlı Azərbaycanın mövqeyi Avropada da dəstəklənir. Ümumiyyətlə, Qərb dünyasında qəbul edilir ki, Zəngəzur dəhlizi bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrini, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən yeni körpüdür. Beynəlxalq miqyasda Zəngəzur dəhlizinə yaranan bu diqqət və maraq isə Azərbaycanın diplomatik uğurlarının daha bir real təcəssümüdür.

“Report”un Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir