• Ça. Noy 26th, 2024

Azərbaycana düşmən olan müsəlman qiyafəli, düşüncə “yesiri” terrorçular…

ByYenigun.news

Avq 5, 2022

Bəzən qəzəbi dilə gətirməmək, onu boğmağa çalışmaq müdriklik əlamətinə çevrilir. Bəzən isə tam tərsinə – qəzəbini sonuna qədər ifadə etmək, qəzəb obyektinə gözdağı vermək sənin ümdə vəzifən sayılmalıdır.

O halda müdriklik tələb olunur ki, qarşındakı söz anlayan, söz qanan bir canlı olsun. O zaman ona insan kimi izah etməlisən, lap uzun-uzadı da olsa, həqiqəti, səhvi göstərməlisən. Əgər qarşında hansı cinsdən olduğunu anlamadığın bir məxluq varsa və sən onun ən yaxşı halda, ən sadə şəkildə bir axmaq olduğunu anlayırsansa, onun anladığı dildən danışmağa da borclusan.

Məşhur irland yazıçısı Oskar Uayld deyir ki, dünyada axmaqlıqdan başqa günah yoxdur. Ola bilər, bu yazının həsr olunduğu “obyekt” Oskar Uayldı tanımasın və ya tanısa da, onun sözünü qəbul etməsin. O zaman din pərdəsi altında gizlənən, əslində isə islamla heç bir ortaq cəhəti olmayan bir qaragüruhun anlayacağı bir nümunə göstərək:

“Ən pis yoxsulluq – axmaqlıqdır”.

Bu sitat islam peyğəmbərinin qardaşım dediyi həzrət Əliyə məxsusdur. Bu nümunələrin nəyə görə çəkildiyinin isə sonda aydın olacağına ümid edirik.

İndi keçək “obyekt”in mahiyyəti və axmaqlığı barədə danışmağa…

Dünyada islam dininin müqəddəsliyinə kölgə salan qruplar var. Radikal fikirləri yayan, bütün bəşəriyyətə qarşı çıxıb, qaragüruhu təbliğ edən dəstələr… Bəşər övladına düşmənçilikdən başqa heç nə etməyən belə dəstələr özlərini “həqiqi müsəlman” zənn edərək islam adına danışmağa və din adına “cəza verməyə” haqq qazandıqlarını düşünürlər.

Elə hansısa Yasir əl-Həbibin rəhbərlik etdiyi və ötən gün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edən qrup da bu qəbildəndir.

Heç bir mahiyyətə sahib olmayan, bu cür cılız “din xadimləri”nin rəhbərlik etdikləri qruplar üçün hər zaman islama xidmətə çağırış edən adlar seçilir. Məsələn, ötən gün hər birimizi qəzəbləndirən görüntülərə səbəb olan dəstənin adı “Mehdi xidmətçiləri”dir. Amma görünür, bu şəxslər Həzrət Mehdi və islam dinindən başqa hər məzhəbə qulluq edirlər. Çünki müsəlmanların müqəddəs dini olan islam bu deyil, islam – müsəlmanların ali həqiqətə inamla getdikləri yoldur, islam hansısa qaragüruhun öz məkrli planlarının aləti deyil, ola da bilməz!

Bəlkə də, bu dəstəni “İblisin xidmətçiləri” adlandırmaq daha düzgün olardı.

Bir daha xatırladırıq ki, islam dini bu cür radikal ünsürlərin yaratdığı mənfi mənzərədən çox uzaqda, bu cür iyrənc xislətlərin fövqündə dayanan bir müqəddəslikdir.

İslam və bu radikal ünsürləri bir-birindən ayırdığımız üçün davam edə bilərik.

Biz Yasirin dəstəsini “sivil terrorçular” da adlandıra bilərik. Hər halda bu insanların törətdiyi əməl, Azərbaycan səfirliyinə hücum edib, müqəddəs bayrağımızı təhqir etmələri onların terrorçu mahiyyətini birbaşa ortaya qoyur. Nəyə görə “sivil terrorçular”? Çünki bu cür insanların əlində silah olmasa da, onların dilləri, davranışları, fəaliyyətləri məhz terrora, xaosa xidmət edir. Onların da silahı xəstə təfəkkürlərində və yalnız qaragüruh üçün danışan dillərindədir.

Yasirin “yesir” təfəkkürünün davamçıları ötən gün həyatlarının ən böyük səhvinə imza atıblar. Dəstə üzvləri ötən gün Azərbaycan xalqının müqəddəs bayrağına əl uzatmağa cürət ediblər. Onlar, bəlkə də, Azərbaycan xalqını tanımırlar, bizim üçün Vətənin, bayrağın hansı anlama gəldiyini dərk edə bilmirlər… O zaman ən sadə dildə xatırladaq:

Biz əl uzatmağa cürət etdiyiniz həmin o bayraq üçün minlərlə şəhid vermiş bir xalqıq. O bayrağın əzəməti üçün, onun qürurla dalğalanması, başımızın üzərində müqəddəs dəyərimiz olaraq ucalması üçün hər şeyimizi – canımızı, qanımızı, həyatımızı vermiş bir xalqıq.

Biz həmin o bayraq uğrunda düşünmədən silaha sarılıb, onu Vətənin hər bir guşəsində layiq olduğu zirvələrə sancmış bir xalqıq!

Siz isə ötən gün bu xalqın müqəddəsinə, dəyərinə əl uzatmağa, dil uzatmağa cürət edəcək qədər axmaq bir qaragüruha çevrildiniz, daha doğrusu, öz mahiyyətinizi ortaya qoydunuz.

Elə isə Yasir əl-Həbibi və onun timsalında bütün “xidmətçiləri”ni həmin bayrağa əl uzadan terrorçular sırasında görməyə haqqımız çatır. Qaregin Njde, Monte Melkonyan kimi, Yasir əl-Həbib də Azərbaycan xalqının düşməni qismində kimliyini ortaya qoyub. O və onun kimi terrorçular Azərbaycan xalqının böyüklüyü və qüdrəti qarşısında aciz olmağa sadəcə məhkumdurlar.

Müsəlman qiyafəli bu terrorçu bəşər üçün böyük təhlükədir. Usama Ben Laden kimi əlində silah terror aktları törədən bir terrorçunun davamçısıdır. Yasir əl-Həbib və onun “xidmətçiləri” öz zərərli, xəstə fikirləri ilə ən azı Ben Laden qədər bütün sivil dünyanın, bəşəriyyətin düşmənidirlər.

Heç zaman qalib gələ bilməyəcəyin bir gücə “ilişmək” böyük axmaqlıdır. Azərbaycan xalqının birliyi, onun dövləti ilə yumruq kimi birləşməsi halında ortaya çıxan gücü bütün dünya artıq görüb, qəbul edib. Elə isə bir qrup insanlıqdan çıxmış, cılız, düşüncə əlili məxluqun Azərbaycan xalqının müqəddəsinə əl uzatması axmaqlıqdan başqa bir şey deyil!

Belələri ilə isə müdrik kəlam söyləyib, həmin kəlamı, sözün dəyərini israf etmək bizə yaraşmaz. Qəzəbliyik! Bütün bir xalq olaraq bayrağımıza əl uzadanların qarşısındayıq, birik, bütövük!

Bu gün təmkinli olmağa ehtiyac yoxdur, qəzəbimizi ifadə etmək bizim borcumuzdur! Gözdağı vermək vəzifəmiz, həddini aşanlara həddini bildirmək öhdəliyimizdir!

Sizin etdiyiniz axmaqlıqdır, Oskar Uayldın dediyi kimi, günahdır, özü də böyüyündən!

Yenə də qəbul etmirsinizsə, bilin ki, etdiyiniz axmaqlıq “ən böyük yoxsulluqdur”.

Əgər siz bu cür addımı atmağa cürət etmisinizsə, demək ki, düşüncədən, mənəviyyatdan yoxsulsunuz – düşüncə, əqidə, mənəviyyat “yesiri”siniz. Yasir əl-Həbibin “yesir”çilərisiniz!

Siz Azərbaycan xalqına dil uzadacaq, onun müqəddəsinə toxunacaq miqyasda ola bilməzsiniz… Ancaq bir şey olmasanız da, ürək bulandırmağı bacardınız. Növbəti dəfə isə müqəddəs bayrağı uğrunda hər şeyini qurban verə biləcək bir xalqın qəzəbində boğula bilərsiniz!

Həmin qəzəbi ifadə etməyə cəhd etdik, onun dağıdıcı gücünü, “İblisin xidmətçiləri”nə yaşadacağı cəhənnəmi isə özünüz düşünün…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir