• Şb. Noy 23rd, 2024

Azərbaycana qarşı qarayaxmalar: 30 illik ədalətsiz siyasətin davamı – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 31, 2023


Azərbaycanın işğal altında olmuş ərazilərində suveren hüquqlarını bərpa etməsi başlıca vəzifəsidir. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında müxtəlif təyinatlı binaları dağıdıb, onları yerlə bir edib. Hətta işğalçılar avtomobil yollarını belə dağıdıblar.

Ermənilərin və havadarlarının törətdikləri vəhşiliklər nəticəsində darmadağın edilən yerlərdə Azərbaycan yeni binalar tikir, yollar çəkir. Ermənistan və havadarları isə əvvəllər olduğu kimi, Azərbaycana qarşı şantaj yolunu davam etdirirlər. Yeri gəlmişkən, bu qüvvələr Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına, bölgədəki binaların dağılmasına, bir milyon Azərbaycan insanının öz yurdundan, evindən qaçqın düşməsinə göz yumublar. Erməni lobbisinin fəaliyyəti nəticəsində torpaqlarını işğaldan və işğalçıdan təmizləyən Azərbaycana 31 il əvvəl “902-ci düzəliş” tətbiq olunub. Bu sanksiyanın yersiz və əsassız olduğunu çox sonralar “başa düşdülər”. Həmin qüvvələr yenə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Onlar beynəlxalq və dünya ictimaiyyətindən reallığı gizlətməyə çalışırlar.

Rəsmi İrəvan və havadarları tərəfindən Azərbaycana qarşı daha bir saxta ittiham irəli sürülür. Guya Azərbaycan erməniləri “blokada”da saxlayır. Bu qarayaxmaların yaşı az deyil. Ermənilər və tərəfdarları, ideoloqları 100 ildən artıqdır Azərbaycanı, türkləri şantaj edirlər. Ermənilərin qarayaxan ideoloqlarından biri də Zori Balayan olub. O, hələ SSRİ dövründə “Ocaq” adlı “kitabı” ilə tarixi saxtalaşdırıb. Azərbaycan və Türkiyəyə qarşı iddialarla çıxış edib. Balayan Ermənistanın “mühasirə”də yaşadığını iddia edirdi. Təəssüf ki, Balayan kimilərin saxta, xəstə düşüncəsini, o vaxt olduğu kimi, günümüzdə də dəstəkləyənlər tapılır. Onlar Azərbaycanı Laçın yolunu “bağlamaqda” ittiham etməklə mənsub olduqları etnosun yalançılıq adət-ənənəsini davam etdirirlər.

Zorilərin, silavaların yalanları ayaq açıb, Fransa, ABŞ-yə qədər gedib çıxsa da, ancaq yeriməyib. Bu erməni cani 1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” adlı əsərində Xocalı soyqırımına haqq qazandırıb və bu şəhərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiklərini fəxrlə etiraf edib. Belə ermənilərdən biri də Vaqif Xaçatryan olub. Erməni mətbuatı, siyasiləri, ictimai xadimləri bütün imkanlarından istifadə edərək bu caninin cinayətlərini ört-basdır etməyə çalışır. Xaçatryan, Balayan, Kapitukyan, Serj Sarqsyan, Robert Koçaryan və daha neçələri azərbaycanlılara qarşı vəhşiliklərin müəllifləridirlər. Onların cinayətlərini gizlədənlər isə Azərbaycana qarşı şər-böhtan yayırlar. Belə ermənilər, erməni lobbisi və Ermənistanın havadarları Azərbaycanı şantaj edən “canilər buketidir”. Onlar havadarları ilə birlikdə Azərbaycan torpaqlarını 30 il işğal altında saxladılar. Ancaq yalan, qarayaxma ilə “yaratdıqları dünya” dağıldı, əməlləri kapitulyasiya ilə bitdi.

Azərbaycan götürdüyü öhdəliklərə həmişə ləyaqətlə əməl edib. Bu yol və ərazi Azərbaycan torpaqlarıdır. Bununla belə, həmin yol heç vaxt bağlı olmayıb. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi də təsdiqləyir. Ermənistan və havadarları Azərbaycana qarşı şantajla təzyiqə cəhd göstərir. Ancaq səyləri nəticə verməyəcək. Artıq rəsmi Bakı, Azərbaycan Ordusu və xalqı birlikdə bunu təsdiqləyiblər. Azərbaycan “yol bağlama” iddiasına düşsəydi, o zaman ermənilərin indiki havadarları ilə birlikdə dağıtdıqları bütün yolları yenidən çəkməzdi. Mütəxəssislərin və müşahidəçilərin rəyinə əsasən, Qarabağ iqtisadi rayonunda və işğaldan təmizlənən ətraf rayonlarda beynəlxalq standartlara uyğun yollar çəkilib, infrastruktur salınıb. Anti-Azərbaycan qüvvələrin ən çox hay-küy saldıqları Ağdam-Xankəndi yoluna gəldikdə isə rəsmi Bakı bunu vacib sayır. Bu, Xankəndiyə gedəcək ikinci yoldur. Azərbaycan ikinci yolun da açılmasını vacib sayır. Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolunun da işləməsi nəzərdə tutulur. Başqa sözlə, hər iki yol işlək halda olacaq. Bu, bölgə əhalisi üçün də faydalıdır. Sakinlər hər iki yoldan da istifadə edə biləcəklər. Məsələn: Füzuli rayonunda beynəlxalq hava limanı fəaliyyət göstərir. Xankəndi sakinləri Ağdam-Xankəndi yolu vasitəsilə bu hava limanının xidmətlərindən də yararlanmaq üçün əlavə imkan əldə edə biləcəklər.

Azərbaycan regionda sülhün, iqtisadi, mədəni və sosial əməkdaşlığın tərəfdarıdır. Bununla bağlı “3+3” formatında əməkdaşlığın həmmüəlliflərindəndir. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən iqtisadi layihələrdə rol alan regional aktorlardandır. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Ermənistan beynəlxalq ictimaiyyətin şərtlərini pozaraq sanksiya tətbiq edilən ölkələrlə daim əməkdaşlıq edir. Rəsmi Bakı isə qlobal şəraitə uyğun olaraq şərtləri yerinə yetirir. Azərbaycan dünyada sülh və təhlükəsizliyi təhdid edən rejimlərə qarşı beynəlxalq ictimaiyyətlə eyni mövqedən çıxış edir.

Yeri gəlmişkən, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələri fəaliyyətini davam etdirir. Qanunsuz erməni silahlı birləşmələri üçün hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsi ilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimaldan keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Bu da Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Ermənistan Azərbaycan daxilində bu tip pozuculuq əməlləri ilə regional təhlükəsizliyi təhdid edir.

Laçın Azərbaycan ərazisidir. Öz ərazisində necə davranmaq onun suveren hüququdur. Odur ki, rəsmi Bakı humanistlik göstərərək Qarabağ iqtisadi rayonundakı ermənilərə yol verib. Azərbaycanın bu humanist və xoşməramlı addımını Ermənistan və havadarları nankorluqla qarşılayırlar. Rəsmi Bakının xoşməramlı davranışına belə münasibət göstərənlər Azərbaycana qarşı 30 il ərzində yürütdükləri ədalətsiz siyasəti, yalanları davam etdirirlər.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir