• Bz. Noy 24th, 2024

Azərbaycana qarşı təhdid xarakterli fikirlər deyən rusiyalı deputatın məsuliyyətə cəlb olunması təklif edilir

ByYenigun.news

Apr 1, 2022

Rusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın “Realist” İnformasiya Agentliyinə müsahibəsində hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov “Report”a deyib ki, bir neçə gün bundan öncə Rusiya Dumasının deputatı Mixail Delyaginin və Aleksandr Şerinin Azərbaycana qarşı təxribat və təhdid xarakterli fikirlər səsləndirmələrinin arxasında bəzi qüvvələr durur:

“Həmin qüvvələr Azərbaycanla Rusiya arasında olan münasibətləri pozmağa çalışırlar. Şerin müsahibəsində iddia edib ki, hazırkı prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, “bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər”. İlk növbədə həmin deputata xatırladım ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib. Onu da xatırladım ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat da imzalayıblar. Yaxşı olardı ki, həmin deputat Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirmək əvəzinə, Ermənistanın Rusiyaya qarşı hörmətsizliyini etiraf edərdi və Üçtərəfli Bəyanatın 4-cü bəndinə diqqət yetirərdi. Orada qeyd edilib ki, Rusiya sülhməramlı kontingenti həmin ərazilərə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Şerin bu məsələyə diqqət yetirərək Ermənistanın Rusiyaya hörmətsizliyini deməli idi”.

Deputat xatırladıb ki, A.Şerin müsahibəsində Azərbaycanı “Kalibr” və “İsgəndər” raketləri ilə hədələyib:

“Maraqlıdır ki, onun bu açıqlaması həmkarının dedikləri ilə üst-üstə düşür. Mixail Delyagin də ölkəmizin neft sənayesini raketlərlə vurmağa çağırışını etmişdi. Aleksandr Şerin bu fikirləri ilə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin əksinə çıxmaqla Rusiya Prezidentinə qarşı çıxdığını göstərir”.

C.Osmanov bildirib ki, Aleksandr Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yadda qalıb:

“Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan, xələl gətirən, terrorçuluğu təbliğ edən, Azərbaycan dövlətinə qarşı həqarətli ifadələr işlədən bu deputata qarşı da həmkarı Mixail Delyaginə olduğu kimi hüquqi müstəvidə addımlar atılmalıdır və o, da hüquqi məsuliyyətə cəlb edilməlidir. Əminəm ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlər A.Şerinə qarşı da tətbiq olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir