• Ç. Okt 30th, 2024

Azərbaycanda akkreditə olunan diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər – FOTO

ByYenigun.news

Dek 10, 2022

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər dekabrın 10-da Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.

Səfərdə iqamətgahı Bakı və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri – səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 150-yə yaxın iştirakçı Bakı və Ankara şəhərlərindən təyyarələrlə Zəngilan Beynəlxalq Hava Limanına gəliblər.

Qeyd edək ki, Ankaradan eniş edən təyyarə, oktyabrın 20-də Azərbaycan və Türkiyənin dövlət başçıları tərəfindən rəsmi açılışı olan Zəngilan Beynəlxalq Hava Limanına gələn ilk beynəlxalq sərnişin reysi kimi tarixə düşüb.

Digər tarixi ilk isə viza prosedurları ilə bağlı olub. Belə ki, Zəngilan aeroportunun tarixində ilk dəfə olaraq xarici vətəndaşlara vizalar yerində “ASAN Viza” sistemi vasitəsilə rəsmiləşdirilib.

Diplomatlar və hərbi attaşelər əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Hava limanının direktoru Vüqar Həsənov qonaqlara aeroport haqqında məlumat verib.

Səfər Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinqlə davam edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan və Qubadlı rayonlarının tarixi, demoqrafik vəziyyəti, strateji əhəmiyyəti və iqtisadi potensialı, Ermənistanın 30 ilə yaxın hərbi işğalı nəticəsində vurulmuş ziyan haqqında ətraflı məlumat verib. Hikmət Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunduqdan sonra burada həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri barədə danışıb, mina problemi, Zəngəzur dəhlizi və Azərbaycanın sülh gündəliyi kimi məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zəngilan və Qubadlı şəhərlərinin baş planları barədə təqdimatla çıxış edib.

Digər çıxış edənlər – Azərbaycan Respublikası Prezidentinin Zəngilan, Qarabağ və Şuşada xüsusi nümayəndələri Vahid Hacıyev, Emin Hüseynov və Aydın Kərimov qonaqlara görülən işlər barədə məlumat veriblər.

Brifinqdən sonra iştirakçılar Zəngilan şəhərinə yola düşüblər. Yolüstü Oxçuçayın keçdiyi ərazidə onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi tərəfindən Ermənistanın və bir sıra əcnəbi şirkətlərin məqsədyönlü şəkildə çaya tullantılar buraxmaqla törətdiyi ekoloji terror, vurulmuş ziyan barədə məlumat verilib.

Zəngilan şəhərində iştirakçılar Ermənistanın törətdiyi dağıntıların miqyası və hazırda həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məscid, habelə ilk yaşayış binası, məktəb və digər layihələrlə yaxından tanış olublar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gələn xarici qonaqlara “Ağıllı kənd” layihəsi, kənd infrastrukturu, Arximed turbini tipli Su Elektrik Stansiyası barədə məlumat verilib.

Səfər Qubadlı şəhərində davam etdirilib. Qubadlıda qonaqlar Ermənistanın viran qoyduğu şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub, şəhər mərkəzinə və həyata keçirilən infrastruktur layihələrinə baxıblar.

Sonda səfərdə iştirak edən səfirlər və rəhbər şəxslər, diplomatik korpusun digər üzvləri və hərbi attaşelər, habelə Türkiyə Respublikasının dövlət qurumlarının nümayəndələri Zəngilan Beynəlxalq Hava Limanından xüsusi çarter reysləri ilə Bakı və Ankara şəhərlərinə yola salınıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir