• Ca. Okt 31st, 2024

Azərbaycanda investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müəyyənləşdi – FƏRMAN

ByYenigun.news

Dek 20, 2022

Azərbaycanda investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ təsdiq edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ” təsdiq edilir.

Sənədə əsasən, minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə 3 milyon manatdır;

İnvestisiya təşviqi sənədi aşağıdakı layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir:

– sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr;

– turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr;

– Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr;

– Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri;

Paylarının (səhmlərinin) 30%-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə investisiya təşviqi sənədi verilmir.

Nazirlər Kabineti investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısını üç ay müddətində təsdiq, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyinə strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etmək, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əsas vəsaitlərin əldə olunması (alınması, istehsal edilməsi, tikilməsi və ya quraşdırılması) ilə bağlı ildə bir dəfə Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir