Hər il ölkədə Prezident İlham Əliyevin təşəbbüsü ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar atılır. Belə ki, vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində cəmiyyətin bütün təbəqələrini əhatə edən çoxsaylı sosial qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, mühüm tədbirlər həyata keçirilib. Bu sahədə atılan mühüm addımlardan biri də indeksləşdirmə əsasında artımın gələn ilin əvvəlindən bütün pensiyalara şamil olunmasıdır. Beləliklə, bu il pensiyaçılara verilən maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Gələn il pensiya ödənişlərinə 5 mlrd. 907 mln. manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 mln. manat (12 faiz) çoxdur. 2023-cü ildə pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin 14,5 faiz çox olmaqla 456 manat olacağı gözlənilir.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda bütün istiqamətlərdə aparılan islahatlar uğurla davam etdirilir:
“Sosial istiqamətlər üzrə işlər müsbət xətlə davam edir və bu sahədə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. İnanıram ki, pensiya təminatı sahəsində görülən işlər Azərbaycanı Avropanın inkişaf etmiş ölkələri ilə eyni səviyyəyə çıxarmış olacaq. Postmünaqişə dövründə şəhid ailələrinə və müharibə veteranlarına ödənilən müavinətlərdə yeniliklərin şahidi olmuşuq. Pensiya islahatları özünün müsbət nəticələrini ortaya qoyaraq, bütün neqativ hallar aradan qalxacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov “Report”a açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi qərarı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır.
Nazirliyin şöbə müdiri qeyd edib ki, yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir:
“Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək”.
Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10 faiz, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16,67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.
Misal üçün, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxsin pensiyası 1000 manatdırsa, bu il əlavə dəstək olaraq hər ay verilən 10 faiz (100 manat) maddi yardımla birgə 1100 manat hesablanmaqla, indeksasiya faizi qədər artım bu yekun məbləğin (1100 manat) üzərinə əlavə ediləcək.
Qeyd edək ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyasında ən yüksək artım 70 faiz olubsa, ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyalarında indeksasiya nəticəsində artım 98 faiz olub. Bu da vahid indeksasiya metoduna keçidin xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının davamlı artımı üçün daha effektiv və onların mənafeyinə uyğun olduğunu göstərir.
Eyni zamanda, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq. Bununla həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığını yüngülləşdirməklə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyi də aradan qalxacaq.
Eləcə də dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra onlar da azı 6 il işlədikdə (və ya pensiya təyin edildikdən sonra bir müddət işləyib daha işləmədikdə) topladıqları kapitala əsasən hesablanacaq artım pensiyalarının ümumi məbləğinin üzərinə əlavə ediləcək və daha yüksək məbləğdə pensiya məbləğlərinin formalaşmasına səbəb olacaq.