Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Dövlət başçısının Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd Zayed Al Nəhyan tərəfindən tədbirə fəxri qonaq statusunda dəvət edilməsi Azərbaycanın regional və qlobal arenadakı mövqeyinin önə çıxarılmasının daha bir sübutudur. Səfər zamanı keçirilən görüşlər və razılaşmalar da münasibətlərin daha da inkişaf etməsinə böyük imkanlar yaradılacağından xəbər verir.
Ölkə başçısının Əbu-Dabiyə Qlobal Enerji Forumunun ikinci günü getməsi Azərbaycanın həm də qlobal enerji bazarlarındakı artan rolu və bu rollarda ərəb dünyası ilə əlaqələrin koordinasiyasına işarədir. Yəni qarşılıqlı münasibətlərin bu sahədə də möhkəmlənəcəyi gözlənilir. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir.
Onu da qeyd etmək lazımdır ki, tədbir davamlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən qlobal təşəbbüsdür.