• C. Noy 22nd, 2024

Azərbaycandan dünyaya humanizm dərsi, ermənipərəstlərə tərs şillə – “Kaspi”nin TƏHLİLİ + FOTO

ByYenigun.news

Sen 30, 2023


Azərbaycanın lokal antiterror tədbirlərindən sonra atdığı addımlar dünyanın əksər ölkələri üçün humanizm dərsidir. Dünya tarixində bəlkə də mümkünsüz sayılan bu addımlar Azərbaycanın dövlət olaraq prinsiplərinin sarsılmaz dayaqlar üzərində durduğundan xəbər verir.

Lokal antiterror tədbirlərindən dərhal sonra Azərbaycan bölgədə humanitar addımlar atmağa başlayıb. Qarabağın erməni sakinlərinin yanacaq təminatını yaxşılaşdırmaq üçün Ağdam-Xankəndi yolu ilə yanacaq göndərilib. Məqsəd ilk növbədə uşaq bağçaları və səhiyyə ocaqlarının fasiləsiz işini təmin etmək idi. Bu addım Azərbaycan hökumətinin insan hüquqlarına hörmətinin təzahürü sayılır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qərbin siyasi dairələrinə tərs şillə

Qarabağ regionunda qeyri-qanuni məskunlaşan erməni əhalinin böyük hissəsi atəşkəs razılaşmasından sonra könüllü surətdə Ermənistana miqrasiya etməyə başlayıb. Azərbaycanın bu məsələ ilə bağlı atdığı addımlar güman ki, illər sonra da danışılacaq. Qeyri-qanuni məskunlaşan ermənilərin təhlükəsiz köçünə şərait yaradılmaqla yanaşı, ərzaq yardımı edilir, yaralılara və köməyə ehtiyacı olanlara əl uzadılır. 


Bu, dövlətin humanizmi, irqindən və dinindən asılı olmayaraq insan hüquqlarına hörmət, dünyada nümunəvi sayılan tolerantlıq göstərişidir. Bu gün Qərbin müxtəlif dairələrində Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirən Fransa və Almaniya kimi dövlətlərin tarixində yaşanmayan bu hadisə əslində onlara bir dərsdir. Fransanın Afrikada, Almaniyanın isə 2-ci dünya müharibəsində Avropada törətdikləri vəhşilik və qeyri-insani davranışlar yaxın tarixdə baş verib və hamıya məlumdur. Əslində, tarixi bu tip ləkələrlə dolu ölkələrin Azərbaycan əleyhinə qərəzli bəyanatlar səsləndirmələri məntiqə və vicdana sığmır. Necə deyərlər, öz ayıblarına kor olmalıdırlar.

Azərbaycan əsgərinin nümunəsi

Lokal antiterror tədbirləri dayandırıldıqdan sonra bölgədən müxtəlif videogörüntülər yayılmağa başlayıb. Ən çox diqqət çəkən və bir sıra dünya mətbuat orqanlarında da xəbərə çevrilən videogörüntüdə Azərbaycan əsgərinin daxil olduğu evdə kiçik qızın fotosunu yerdən götürməsi, “Bizim heç vaxt erməniəsilli mülki şəxslərlə, o cümlədən qadınlar və uşaqlarla işimiz olmayıb” sözləridir. Bu yanaşma yəqin ki, Afrikada qanlı qətliamlar törətmiş fransız legionerlərinə dərs sayıla bilər. Bir tərəfdə tək Əlcəzairdə milyonlarla günahsız insanı qətlə yetirən fransız əsgəri, digər tərəfdə isə erməni uşağın fotosunu əzizləyən Azərbaycan əsgəri.

Bir tərəfdə işğal etdiyi dövlətlərdə milyonlarla əsiri qaz kameralarında yandıran alman əsgəri, digər tərəfdə isə yaralı erməni əsgərini xilas etməyə çalışan Azərbaycan əsgəri. Bunlar bütün dünyanın dərs çıxarmalı olduğu görüntülərdir. 

Azərbaycan polisinin ayıq-sayıqlığı

2019-cu il Ermənistanda keçirilən parlament seçkilərində təbliğat üçün Azərbaycan polisini təhqir edən videoçarx yayılmışdı. Lokal antiterror tədbirlərindən sonra Azərbaycanın müxtəlif güc strukturları bölgəyə ezam olunaraq yerli sakinlərin təhlükəsizliyini təmin edir, keçid məntəqələrindən sərbəst hərəkətinə şərait yaradır. Bəs görəsən, belə bir hal dünyanın hansı ölkəsində olub? Hələ bu da azmış kimi, Azərbaycan polisi yollarda qalan erməni sakinlərə yardım əlini uzadır, avtomobildə oturub saatlarla gözləyən qadınları, uşaqları suya və çörəyə qonaq edir. Yenə də Azərbaycan humanizmi. Görəsən, bu gün Qərb siyasətçiləri bu görüntüləri görmür? Çox güman ki, görüblər. Sadəcə, onlar üçün çirkin və məkrli planlarını icra etmək üçün görməzlikdən gəlmək daha sərfəlidir.

Xankəndiyə yayılan Azərbaycan işığı

Hələ sentyabrın 21-də Qarabağın Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulmasının təmin edilməsi inteqrasiya prosesinin növbəti addımlarından biri idi. Azərbaycan səhra hospitalının yaradılmasını təmin edir, müxtəlif yerlərdə çadırlar qurur, yaşlı, köməyə ehtiyacı olan, erməni əsilli sakinlərin qida və ərzaq təminatını həll edir, yaralıları dərhal əməliyyat etdirir, əraziyə yardım karvanları göndərir. Bununla Azərbaycan hökuməti sübut edir ki, Qarabağın erməniəsilli sakinlərinin nə Ermənistanın humanitar yardımına, nə də Fransanın min məqsədə xidmət edən yardım karvanına ehtiyacı var. Qarabağ Azərbaycanın ayrılmaz bir parçasıdır və sakinlərin ehtiyacını təmin edən və edəcək güclü, qüdrətli dövlət var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir