Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Azərbaycan enerji siyasəti sahəsində etibarlı tərəfdaş statusu qazanıb. Azərbaycanın etibarlı olması isə regionun enerji təhlükəsizliyinə töhfə verir.
İlham Əliyev iclasda deyib:
“Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir”.
Dövlət başçısının bu fikri Azərbaycanın Avrasiyada oynadığı rolu təsdiqləyir.
Prezident bildirib ki, Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir.
“Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük”, – deyə İlham Əliyev əlavə edib.
Onu da qeyd etmək zəruridir ki, budəfəki iclas Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda əhəmiyyət daşıyır.
Belə ki, COP29-un Bakıda keçiriləcək iclası Azərbaycanın siyasətindəki yaşıl enerji amilinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.
Nəzərə alaq ki, Azərbaycan alternativ enerji mənbələri ilə də enerji bazarlarını şaxələndirməkdə maraqlıdır. Bu, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsindən sonra sürətli vüsət alıb.
Dövlət başçısı qeyd edib:
“Azərbaycan, həmçinin, yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpa olunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək biz beş min meqavata qədər, yəni beş giqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq”.
Bildirək ki, Azərbaycanın bu sahədəki əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir.
Həmçinin, digər ölkələrdən olan şirkətlər də Azərbaycanla çalışır.
“Bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq.
Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək”, – deyə Prezident bəyan edib.
Görünür ki, Azərbaycanın enerji resursları bir çoxunda paxıllıq yaradıb. Bu dəfə Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bəzilərini təşvişə salıb.
İlham Əliyev deyib ki, Azərbaycanın COP29-a sahiblik etməsi qərarı verilən kimi dərhal müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq.
“Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunub. Baxmayaraq ki, qeyd etdiyim kimi, bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər, qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər? Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpa olunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik”.
Bəli, Azərbaycan artıq qlobal enerji siyasətində mühüm rola malikdir. İlham Əliyevin səsləndirdiyi bəyanatlar da Azərbaycanın gələcəkdəki fəaliyyətinin nə qədər məhsuldar olacağını göstərir.
Aqil Vəlili