• Be. Noy 25th, 2024

Azərbaycanın sabitlik modeli: Haqlı olmağın bəhrəsi – ŞƏRH + FOTO

ByYenigun.news

Avq 1, 2022

Dünya tarixində 2022-ci il gərginliyi və çoxsaylı sosial problemləri ilə qalacaq. Bunun əsas səbəblərindən biri Rusiyanın Ukraynada apardığı müharibədir. Bu müharibə dünya bazarında taxılın, ərzaq mallarının qiymətinin bahalaşmasına da ciddi təsir göstərib. Rusiyanın Qara dənizdə Ukrayna gəmilərini mühasirədə saxlaması isə taxıla tələbatı artırıb. Bu isə həmin ərzaq məhsulunun qıtlığına səbəb olub.

Avropa İttifaqına üzv dövlətlərin Rusiyanın təbii qazından imtina etməyə başlaması isə enerji daşıyıcıları sahəsində müttəfiqlər arasında belə, fikir ayrılığı yaradıb. Almaniya və Fransanın Ukraynadakı müharibəyə Böyük Britaniya və ABŞ-dan fərqli yanaşması bu ölkələrin Rusiyanın təbii qazından asılılığının göstəricisidir. Başqa sözlə, Avropa İttifaqının uzağı görə bilməməsi bu gün Qərbi ciddi sınaqla üzləşdirib.

Dünya dövlətlərinin beynəlxalq hüquqa əməl etməməsi də separatizm hərəkatının güclənməsinə səbəb olub. Tayvanın Çinlə münasibətlərinin müharibə həddinə çatmasını da buna örnək göstərmək olar. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya ölkələrinə – Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyaya səfəri çərçifəsində Tayvana da gedəcəyi barədə xəbərlərin yayılması ABŞ-Çin, Tayvan-Çin qarşıdurmasına yol aça bilər. N.Pelosini müşayiət etmək məqsədi ilə ABŞ regiona aviadaşıyıcı belə göndərib. Çin və Tayvan silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Rəsmi Pekin Aşağı Palata sədrini Tayvana gedəcəyi halda təyyarəsini vurmaqla hədələyib. Bu həm də növbəti dünya müharibəsinə səbəb ola bilər.

Baş verənlər göstərir ki, beynəlxalq gərginliyi dünyanın aparıcı dövlətləri arasındakı ziddiyyətlər, fikir ayrılıqları və bir sıra hallarda münaqişələr artırır. Kosovonun Serbiya ilə müharibə astanasında olması da güclərin bir-birinə qarşı olmasının təzahürüdür.

2011-ci ildən Suriyada vəziyyət gərgin olaraq qalır. Əvvəllər bu gərginliyi İŞİD terror qruplaşmasının yaratdığı iddia olunurdu. Suriyada İŞİD-in məhv edildiyi deyilsə də, hazırda da Türkiyədə üç milyona yaxın suriyalı qaçqın yaşayır. Suriyadakı vəziyyətin böhranlı həddə qalması, vətəndaşların bir hissəsinin öz yurd-yuvalarını tərk etməsi də dünyanın başlıca problemlərindəndir. Bunlar dünyada artmaqda olan gərginlik ocaqlarıdır. Hadisələr belə inkişaf edərsə, yeni münaqişə ocaqlarının yaranacağı istisna edilmir.

Azərbaycan dünyanın indi üzləşdiyi bir sıra problemləri 29 ilə yaxın müddət ərzində yaşayıb. O illərdə rəsmi Bakı torpaqlarının 20 faizinin işğal olunmasına, bir milyondan çox vətəndaşının ata-baba yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin diqqətini çətinliklə cəlb edirdi. Dünyanın aparıcı gücləri Azərbaycanın haqlı tələblərini, istəklərini 30 ilə yaxın görməzlikdən gəlib və qulaqardına vurublar.

Rəsmi Bakının o vaxt gündəliyə gətirdiyi problemlərin həllinə düzgün yanaşılsaydı, ola bilsin ki, nə Avropa, nə ABŞ, nə də Rusiya bugünkü təhdidlərlə üzləşərdilər. Azərbaycan 30 il ərzində terrora məruz qalıb, torpaqları işğal olunub, qaçqınlıqla üzləşib. Minlərlə dinc və hərbçi vətəndaşını itirib.


Azərbaycan dünyanın narahatlıqla qaldırdığı problemlərin həllinə, enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Bu ilin əvvəlindən təbii qazla bağlı aparılan danışıqlar iyulun 18-də “Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu”nun imzalanması ilə nəticələnib. Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen bu hadisəni belə qiymətləndirib: “Aİ etibarlı enerji təchizatçılarına üz tutur. Azərbaycan da onlardan biridir. Bugünkü razılaşma ilə biz Azərbaycandan Aİ-yə qaz tədarükünü ikiqat artırmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, qışda qaz təchizatımız üçün yaxşı xəbərdir”.

Azərbaycan 44 günlük müharibədən sonra işğaldan azad etdiyi ərazilərinin 20 faizini yenidən qurmağa başlayıb. Bundan başqa, statistikaya əsasən, ölkə iqtisadiyyatının inkişaf etdiyi də qeydə alınıb. Azərbaycan torpaqlarında irimiqyaslı bərpa işləri aparır. Sülhsevərliyi, öz torpağını azad etməsi, əməkdaşlığa üstünlük verməsi, quruculuq işləri, regionda, Cənub Qafqazda təhlükəsizliyin başlıca təminatçılarından biri kimi Azərbaycanın dünyada nüfuzu artır.

Dünya miqyasında baş verən hadisələr beynəlxalq gərginlik və güc mərkəzlərinin qarşı-qarşıya durduğu şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə liderinin biliyi, bacarığı, qətiyyəti və uzaqgörənliyi, düzgün daxili və xarici siyasəti, mükəmməl ordu quruculuğu tələb olunduğunu bir daha sübut edir.


Bu keyfiyyətləri özündə birləşdirən Azərbaycan Prezidenti İlham Əliyev xaricdən gələn çoxsaylı təzyiqlərə baxmayaraq, 44 gün ərzində Ermənistanın və onun havadarlarının müqavimətini qıraraq Cənubi Qafqazda yeni geosiyasi, hərbi reallığın yaranmasına nail olub.

Genişmiqyaslı hərbi əməliyyatlar və müharibə dövlətin büdcəsindən milyardlarla maliyyə vəsatinin xərclənməsinə səbəb olur. Nəticədə ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Dövlətin düşdüyü ağır maddi-iqtisadi vəziyyətdən çıxması üçün böyük məbləğdə maliyyə vəsaitlərinə ehtiyac yaranır. Azərbaycan torpaqlarının minalardan təmizlənməsi və bərpası prosesini təkbaşına həyata keçirir.

Ancaq dünyada yaranan mövcud problemlər və qarşıdurmalar fonunda Azərbaycan iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Dünyanın aparıcı gücləri isə bu gün yaratdıqları və görməzdən gəldikləri çoxsaylı problemlərin həlli ilə məşğul olurlar. Bu zaman çox sayda insan itkisi, iqtisadi tənəzzül, sosial problemlərlə üzləşirlər. Beynəlxalq ictimaiyyətin üzləşdiyi gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhranlar fonunda sabitliyin hökm sürməsi Azərbaycanın haqlı, ədalətli mövqeyinin nəticəsidir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir