• Ça. Noy 26th, 2024

Azərbaycanın silah mühəndisləri yetişdirən yeganə universiteti: “Qızları əsl fanatikdirlər” – REPORTAJ + FOTO

ByYenigun.news

İyn 26, 2023


Azərbaycanda müdafiə sənayesinin inkişafı üçün mühəndis kadrlarının hazırlığını Azərbaycan Texniki Universiteti (AzTU) həyata keçirir. Universitetin silah və silah sistemləri mühəndisliyi ixtisası sırf atıcı, artilleriya sistemlərinin və aerokosmik qurğuların layihələndirilməsi, istehsal texnologiyası və sınaqdan keçirilməsi üzrə mühəndis kadrlar hazırlayır. Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində olan digər ixtisaslardan fərqli olaraq, Silah və silah sistemləri mühəndisliyi ixtisasında təhsil alan tələbələr artıq ikinci kursdan istehsalatla tanış olurlar, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində, zavodlarda xüsusi təcrübə əldə edirlər.

600-ə yaxın tələbənin hamısı dövlət sifarişli təhsil alır

Xüsusi texnika və texnologiya fakültəsi müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə 2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Fakültənin fəaliyyəti, burada hazırlanan mühəndislərin peşəkarlığı və görülən işlər haqqında Oxu.Az-a danışan rektor Vilayət Vəliyev bildirir ki, müdafiə sənayesi üçün əsas mühəndis kadrları hazırlayan fakültədə bakalavr, magistr və doktorantura səviyyələri üzrə tədris həyata keçirilir. Xüsusi texnika və texnologiya fakültəsinin tələbələrinin sayı 600 nəfərə yaxındır və hər biri dövlət sifarişli təhsil alır:

“Fakültənin məzunlarının, demək olar, hamısı işlə təmin edilir. Bəziləri isə sonradan magistr təhsilində ixtisasını dəyişərək, başqa sahəyə üz tuturlar. Xaricə oxumağa gedən məzunlarımız da var. Xüsusi texnika və texnologiya fakültəsi təlim-tərbiyəsi, xüsusi nizam-intizamı olan, qabaqcıl fakültələrdən biridir. Fakültədə beş istiqamət üzrə tələbə hazırlanır. Onlar daha çox adi silahların və silah sistemlərinin, xüsusi texnologiyaların, rabitə, radioelektron qurğuların texnologiyasını öyrənirlər. Eyni zamanda, materiallar texnologiyası, pirotexniki vasitələrin öyrənilməsi ilə bağlı da ixtisasımız var.

Xüsusi texnika və texnologiya fakültəsində hazırlanan mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün xarici universitetlərlə, Türkiyənin müdafiə sənayesi müəssisələri və təhsil müəssisələri ilə ciddi əlaqələr qururuq. ASELSAN, Türkiyə Aviasiya və Aerokosmik Agentliyi (TUSAŞ), HAVELSAN, ROKETSAN, ORDU, BAYKAR şirkətləri ilə əlaqələrimiz var. Bu il ilk dəfə olaraq, AzTU-da “Bilişim Vadisi Bakı” mərkəzi fəaliyyətə başladı. Sentyabr ayında isə TUSAŞ-ın dəstəyi ilə Texniki Universitetdə “Mühəndis inkişafı proqramı” (MPG) hazırlanır. Biz bu proqramı Milli Aviasiya Akademiyası ilə birlikdə həyata keçiririk.

Məlumat üçün bildirim ki, biz TUSAŞ nümayəndələri ilə artıq ikinci ildir ki, birgə çalışırıq. İldə 100 tələbənin TUSAŞ-la birlikdə xüsusi hazırlığı nəzərdə tutulub. Hər semestr üzrə 48 tələbə aerodinamika, telekommunikasiya, materiallar texnologiyası və proqramlaşdırma istiqamətində hazırlanacaq. Onlar xüsusi atelye və laboratoriyalarda işləyəcək, hazırladıqları PUA-ları, uçuş aparatlarını sınaqdan keçirəcəklər. Bundan əvvəl də tələbələrimiz TUSAŞ-da təcrübə keçiblər”.

Türkiyəli mütəxəssislər silah mühəndislərinə dərs keçəcəklər

Xaricdən dəvət edilən mütəxəssislərin mütəmadi olaraq universitetdə seminarlar keçirdiyini vurğulayan Vilayət Vəliyev söyləyir ki, türkiyəli mütəxəssislərin məhz silah və silah sistemləri mühəndisliyi ixtisasında təhsil alan tələbələrə dərs keçməsi bu ildən baş tutacaq:

“Əməkdaşlıq etdiyimiz müdafiə sənayesi müəssisələrinin mütəxəssisləri, xarici universitetlərin müəllimləri tələbələrimizə daim seminarlar, ustad dərsləri keçiblər. Birbaşa dərslər isə qeyd etdiyim proqramlar sayəsində sentyabr ayından başlayacaq.

Son üç il ərzində təkcə müdafiə sənayesi üzrə deyil, bütün istiqamətlərlə bağlı Türkiyə və Avropa universitetləri ilə sıx əlaqələr qurmuşuq. Ankara Universiteti, Qazi Universiteti, Almaniyanın Brandenburq Texniki Universiteti ilə ikili diplom proqramlarımız var. İspaniya Texniki Universiteti və Eskişehir Texniki Universiteti ilə ikili diplom proqramlarımız nəzərdə tutulur. Daşkənd Dövlət Nəqliyyat Universiteti və İstanbul Texniki Universiteti ilə birlikdə Nəqliyyat və Logistika Elmi Tədqiqat Mərkəzi təsis etdik. Mərkəzimiz bu sahədə əsas tədqiqat müəssisələrdən biri olacaq. Növbəti il nəqliyyat və logistika üzrə böyük bir forumun Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

AzTU “TEXNOFEST”in də tərəfdaşı idi. Tələbələrimiz öz layihələri ilə festivalda iştirak etdilər. Daha çox uğur qazanan layihələr sırasında ağıllı eynəklər, müxtəlif relyefdə hərəkət edən, minaaxtarma işində səmərəli ola biləcək, qarşıdan gələn hədəfi məhv edən aparatları qeyd etmək olar.

Ümumiyyətlə, tələbələrimizin xüsusi texnika və texnologiyalarla bağlı uğurlu layihələri çoxdur. Kibertəhlükəsizlik sahəsi də bir növ müdafiə məsələləri ilə bağlı olduğundan bu kimi ixtisasların inkişafı, savadlı kadrların hazırlanması diqqət mərkəzindədir”.

AzTU tələbə və müəllimləri az danışıb, çox iş görürlər

Rektor onu da qeyd edir ki, Texniki Universitetə rektor təyin olunana qədər buradakı mühitlə bağlı təsəvvürü olmayıb:

“Universitetə rektor təyin olunduqdan sonra gördüm ki, tələbələr və müəllimlər, həqiqətən, çox vətənpərvərdirlər. Bu insanlar az danışıb, çox iş görməyi xoşlayırlar. 44 günlük Vətən müharibəsində tələbə və məzunlarımızdan 35 nəfər şəhid olub. Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bütün müharibələrdə universitetimizin ümumilikdə 58 tələbə və məzunu şəhidlik zirvəsinə yüksəlib. Onlardan 10 nəfəri Milli Qəhrəmandır.

Bizim tələbələrimiz Milli Qəhrəman Mübariz İbrahimova oxşamağa çalışırlar. Xüsusilə, silah mühəndislərinin dilindən Mübarizin qəhrəmanlığı düşmürdü. Milli Qəhrəman Çingiz Qurbanov da 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alanda şəhid olub. Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Biz auditoriyalarımızdan birinə Çingizin adını vermişik, onun Qusarda yaşayan ailəsini də ziyarət edirik. İnanın, bizim bütün tələbələrimiz Çingiz kimi, Mübariz kimi vətənpərvərdirlər.

Vətən müharibəsini xatırlayanda yadıma qürurlu anlar düşür. Tələbələrimiz şəxsən mənim yanıma gəlirdilər, xahiş edirdilər ki, icazə verin, müharibəyə yollanaq. Könüllü olaraq döyüşlərdə iştirak etmək istəyirdilər. Bayrağımızı Suqovuşanda ilk dəfə dalğalandıran İlkin Fərzəliyev də tələbəmiz idi. Onu üzdən tanıyırdım, bayrağımızı qaldırdığı videonu görəndə də fəxr hissi keçirmişdim.

Biz auditoriyaların çoxuna tələbə və məzun şəhidlərimizin adını vermişik. Lakin onların xatirəsini daha geniş məkanda əbədiləşdirmək istəyirik. Bununla bağlı bir neçə təklif və layihəmiz var. Hər il Bilik Günündə şəhidlərimizin adını daşıyan auditoriyada ilk dərs də onların qəhrəmanlığına həsr olunur. Universitetə yeni qəbul olunan tələbələrimiz şəhid tələbə və məzunlarımız haqqında ətraflı məlumatlar almalı və gələcək nəsillərə ötürməlidirlər”.

Xüsusi texnika mühəndisləri üçün ayrıca tədris binası nəzərdə tutulur

“Məxfilik tələb edən bəzi sahələrin tədrisi daha ciddi təşkil edilməlidir”, – deyən Vilayət Vəliyev xüsusi ixtisasların bir binanın içərisində kompaktlaşdırılmasının tərəfdarıdır. Rektor vurğulayır ki, Xüsusi texnika və texnologiya fakültəsi üçün də ayrıca tədris korpusunun ayrılması nəzərdə tutulur:

“Fakültədə tədris üçün lazım olan bütün vasitələr var. İxtisasların nəzəri hissəsi, demək olar ki, ancaq birinci kursda keçirilir. İkinci kursdan etibarən tələbələrimiz dərslərin əsas hissələrini Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində öyrənirlər. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə xüsusi auditoriyalarımız var. Orada elə bir şərait yaradılıb ki, tələbələrimiz xüsusi texnikaların, hərbi təyinatlı məhsulların hazırlanmasında birbaşa iştirak edirlər.

Mən bir məqamı xüsusi vurğulamaq istəyirəm. Bizim universitet müdafiə sənayesi üzrə mühəndis kadrlar hazırlayır. Bu nöqteyi-nəzərdən universitetdə hər hansı bir məxfi hərbi təyinatlı məhsulun olması yolverilməzdir. Buna baxmayaraq, hərbi təyinatlı məhsulların prototipləri var ki, müəllimlər bu prototiplər üzərində tələbələrə məhsulların hissələrini, texnologiyalarını öyrədirlər.

Hazırlanma texnologiyası məxfi olan hərbi təyinatlı vasitələrin tədrisi isə məhz müəssisələrdə öyrədilir.  

Regionda müdafiə sənayesi üzrə kadr hazırlayan ilk və yeganə universitet olaraq bizim bu istiqamətdə mühəndislər hazırlamaq kimi böyük bir məsuliyyətimiz var. Biz tələbələrin həm sosial vəziyyətlərini yaxşılaşdırmalı, həm də tədrisin keyfiyyətinin yüksəldilməsini təmin etməliyik. Dərs sistemimiz, beynəlxalq proqramlarımız, çeşidli dərsliklərimiz olmalıdır. Xüsusi texnika və texnologiya fakültəsi ilə bağlı çox böyük imkanlarımız var. Süni intellektin müdafiə sənayesində tətbiqi, telekommunikasiya sistemləri, pirotexniki vasitələrin inkişafı, radioelektronika və s. ilə bağlı ciddi planlarımız var. Türkiyənin müdafiə sənayesi üzrə təhsil və sənaye müəssisələri ilə əlaqələrimizi genişləndirmək istəyirik”.

Tələbələr hansı silahın texnologiyasını öyrənmək istəyirlərsə, buna şərait yaradılır

Rektordan Xüsusi texnika və texnologiya fakültəsi haqqında geniş məlumatları aldıqdan sonra reportajımıza dərs prosesi zamanı istifadə edilən bəzi vasitələrlə tanışlıq şəraitində davam edirik. Silah və silah texnikaları mühəndisliyi ixtisasının tədris edildiyi hissədə çox az vasitə var. Müəllimlər bildirirlər ki, hazırda sessiya bitdiyinə, tələbələr imtahan ayında olduqlarına görə dərslər keçirilmir. Buna baxmayaraq, silahların, güllə və partlayıcıların, minaların təlim üçün istifadə edilən maketləri universitetdə saxlanılır. Tələbələr bu maketlər sayəsində xüsusi texnikaların quruluşunu öyrənirlər, tapşırıq icra edərək təkmilləşdirmə aparırlar. Zavodlarda isə tələbələr hansı silahın texnologiyasını öyrənmək istəyirlərsə, buna şərait yaradılır.

Müəllimlərin sözlərinə görə, tələbələr silahdan atəş aça bilməzlər. Amma zavodlarda tir mövcuddur və orada yeni silahların sıfırlanması aparılır.

Riyaziyyat, fizika, kimya, ixtisasa giriş kimi əsas fənlər birinci kursda keçirilir. Mütəmadi olaraq müdafiə sənayesi naziri ilə görüşlər təşkil edilir və xüsusi biliklərə malik tələbələr dərs prosesində də, zavodlarda da seçilirlər.

Bu sahəni sevməyən tələbə nə isə öyrənə də bilməz

İstehsal edilən silahların hər bir detalı xüsusi yoxlanılır. Bu çox uzun prosesdir. Müəllimlər qeyd edirlər ki, tələbələri zamanla uyğunlaşa biləcək mühəndislər kimi yetişdirməyə çalışırlar. Məsələn, tələbələrin çoxu ağıllı mərmilər, ağıllı patronlar hazırlamağa həvəs göstərirlər. Onların sözlərinə görə, Azərbaycanın müdafiə sənayesi zavodlarında elə icadlar, mükəmməl xüsusi texnikalar var ki, bu silahlar gələcəkdə Azərbaycan istehsalı kimi şöhrət qazana biləcək. Müdafiə sənayesi sahəsi ilə bağlı beynəlxalq sərgilərdə Azərbaycanın istehsal etdiyi silahlar yer alır. Silah və silah sistemləri ixtisasını tədris edən müəllimlər inanırlar ki, gələcəkdə yetişdirdikləri mühəndislər Azərbaycanın hərbi sənaye gücünü daha mükəmməl səviyyəyə çatdıracaq bilik səviyyəsinə sahib ola bilərlər.

Diqqəti çəkən bir məqam da odur ki, Xüsusi texnika və texnologiya fakültəsinə müraciət edənlər, əsasən, oğlanlardır. Amma hər qrupda bir-iki qız tələbə də var. Bəzən qruplarda heç bir nəfər də qız olmur. Daha çox rabitə ixtisasında qızlar üstünlük təşkil edirlər. Silah mühəndisliyini oxumaq, sırf silah mühəndisi olmaq istəyən qızlar isə müəllimlərin qənaətincə, həqiqi fanatiklərdir. Yəni bu fakültəyə təsadüfi tələbə qəbul olunmur. Onlar sırf bu sahəni sevən, qəlbən bağlı, silah mühəndisliyini mənimsəmək istəyən şəxslərdir. Silah mühəndisliyində qızlar maksimum iki nəfər olsalar da, onlar sonradan ixtisaslarını dəyişmirlər, onlara başqa sahələrdən təklif gəlsə də, razılaşmırlar. Magistraturanı da silah mühəndisliyi üzrə oxuyub, son pilləyə qədər davam edirlər.

“Bu sahəni sevməyən şəxs öyrənə də bilməz”, – deyən müəllimlərin fikrincə, Vətən müharibəsindən sonra silah mühəndisi olmaq istəyənlərin artdığını aydın müşahidə etmək olur. Onlar silah mühəndisliyinə xüsusi sevgi ilə yanaşırlar.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir