• Bz. Noy 24th, 2024

“Azərbaycanın Zəfəri separatçılıqdan əziyyət çəkən xalqlara haqq-ədalət nümunəsidir” – ŞƏRH + FOTO

ByYenigun.news

Noy 3, 2023


“Bu il Zəfər bayramını tamamilə fərqli əhvali-ruhiyyədə qeyd edirik. Çünki bu il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı və millətimizə oradan müraciət etdi”.

Bununla bağlı Oxu.Az-a tarixçi-deputat Musa Qasımlı deyib. Millət vəkili qeyd edib ki, bu hadisə müstəqilliyin əldə edilməsindən sonra ilk dəfə dövlət suverenliyimizin tamamilə bərpa olunmasının sübutu idi:

“Ona görə hesab edirəm ki, 15 oktyabr tarixi də mübarək bir gündür. Bundan əvvəl 2023-cü il aprelin 23-də Laçında, Həkəri çayının üstündəki körpüdə sərhəd keçid məntəqəsinin qurulması ilə 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət sərhədlərimizin üzərində tam nəzarəti qurmuş olduq. Bunu da müstəqillik tariximizdə bir ilk olaraq qəbul edə bilərik.

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmən ərazilərimizdən qovuldu. Azərbaycan işğalçı Ermənistana zərbə endirdi. Qazandığımız qələbənin memarı, heç şübhəsiz, Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz idi. Torpaqları qarış-qarış düşməndən azad edən, həyatlarını qurban verən şəhidlərimizə Allah rəhmət eləsin. Qazanılan qələbə təkcə Ermənistan və dünya erməniliyi üzərində qazanılmayıb. Bu zəfər eyni zamanda, Ermənistanı müdafiə edən ölkələrin üzərində də qazanılıb. Elə ona görə də, bu gün dünyanın müxtəlif ölkələrində, parlamentlərində, bəzi təşkilatlarda əleyhimizə qərarlar qəbul edilir. Bu o deməkdir ki, Azərbaycan həmin qərarların qəbul edildiyi beynəlxalq təşkilatlar, dövlətlər, rəhbərlər üzərində də qələbə qazanıb. Biz tarixi günlər yaşayırıq”.

Deputatın fikrincə, Zəfər sadəcə torpaqların azad edilməsi, sərhədlərimizdə dövlət nəzarətinin qurulması və ərazimizdə dövlət suverenliyinin yaradılması ilə məhdudlaşmır. Bu qələbə millətimizin qarşısında yeni üfüqlər açır:

“8 Noyabr Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Bu qələbə Cənubi Qafqazda bütün şəraitə təsir göstərir, separatçılıqdan əziyyət çəkən xalqlara və ölkələrə çıxış yoludur, dünyada haqsızlığa uğrayan ədalətsizlikdən əziyyət çəkən xalqlara haqq-ədalət nümunəsidir. Bu qələbə xeyrin şər üzərində, işığın qaranlıq üzərində qələbəsidir. Bu gün azərbaycanlılar dünyanın bütün ölkələrində başlarını dik tutaraq gəzirlər, millətimizin üstündən ləkə silinib. Qazanılan qələbədən alınan başlıca dərslərdən biri ondan ibarətdir ki, millətimizin qarşısına qoyduğu hədəflərə çatmağın təməlində qüdrətli dövlət rəhbəri və güclü dövlət, güclü ordu, xalq-prezident birliyi dayanır”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir