Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Rumıniyanın yeni əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budai arasında videokonfrans formatında görüş olub.
Nazirlikdən verilən məlumata görə, M.K.Budaini yeni vəzifəyə təyinatı münasibətilə təbrik edən S.Babayev Azərbaycan və Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
Əlaqələrin ildən-ilə inkişaf etdiyini qeyd edən nazir Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsində ötən il 31,3 faiz artım olduğunu bildirib. Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin də əlaqələrin daim genişləndirilməsinə xidmət etdiyini deyib.
S.Babayev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində son illərdə aparılan islahatlar barədə məlumat verib.
O, ötən dövrdə iki ölkə arasında 60-dan çox əməkdaşlıq sənədinin imzalandığını, bir sıra əməkdaşlıq sənədləri layihələrinin də müzakirə mərhələsində olduğunu qeyd edib. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi arasında əməkdaşlığa dair Protokol layihəsinin baxılmaqda olduğunu bildirib.
M.K.Budai ölkələrimiz arasında əlaqələrin daim genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb. O, rəhbərlik etdiyi qurum tərəfindən aparılan işləri, həyata keçirilən islahatları diqqətə çatdırıb. Qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə müxtəlif sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı perspektivlərin olduğu qeyd olunub. Gələcək əməkdaşlığa, iki nazirlik arasında əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.