Azad edilmiş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı tədbirlər davam etdirilib.
Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Xocalı, Kəlbəcər və Laçın rayonlarında ilkin inventarlaşma işləri tamamlanıb, 12,3 min ədəd tikili, 1,8 min ədəd infrastruktur obyekti olmaqla, ümumilikdə 14,1 min ədəd daşınmaz əmlakın çöl inventarlaşma işləri tamamlanıb.
1,6 min km avtomobil yolunun, 292 km elektrik verilişi, 45 km qaz təchizatı, 19 km su təchizatı xətlərinin, 249 km suvarma şəbəkəsi xətlərinin ilkin inventarlaşdırılması başa çatdırılıb, 849 min hektar torpaq sahəsi “ortofoto” xəritələr əsasında vektorlaşdırılaraq, elektron məlumat bazasına daxil edilib.