• Şb. Noy 2nd, 2024

Azad olmayan İran qadını: 44 ildir İŞİD-çilik edən Tehran rejimi – ŞƏRH + FOTO

ByYenigun.news

Yan 23, 2023

İranda son 44 ildə qadınlara münasibət sərtləşib. Sanki 1979-cu ilin fevralında baş verən inqilabın əsas hədəfi cəmiyyətin bu zərif təbəqəsinin ictimai və məişət azadlıqlarını məhdudlaşdırmaqdan ibarət imiş. Çünki inqilabın şüar və hədəflərində qadınların indi düşdükləri vəziyyətlə bağlı tələblər olmayıb. Həmin dövrün əsas şüarları bunlar idi: “Azadlıq!”, “Ədalət!”, “Bərabərlik!” 

Ancaq bu rejim hakimiyyətə gələndən sonra hicabla bağlı öz qaydalarını tətbiq etməyə başladı. Bu istiqamətdə xüsusi komitə fəaliyyət göstərdi. Yeni hakimiyyətin tətbiq etdiyi qaydalara əməl etməyənlər məhkəməsiz-vəkilsiz mühakimə olundular, onlara işgəncə verildi. Bir sıra hallarda isə qapalı məhkəmələrdə hökm çıxarıldı, edam olundular. İran hakimiyyəti bu qaydaları bütün ilahi, insani, beynəlxalq, daxili və s. qanunları, qaydaları pozaraq həyata keçirirdi. Daha aydın təsəvvür yaranması üçün Əfqanıstanda hakimiyyəti zorla iki dəfə ələ keçirən “Taliban” hərəkatının və Suriyada terrorçu İŞİD qruplaşmasının qadınlara tətbiq etdikləri zorakılığı yada salmaq kifayət edər.

Əslində, Tehran rejiminin qadın vətəndaşlara qarşı zorakılığı sentyabrın 17-də başlayan etiraz aksiyalarında daha aydın görünüb. Yeri gəlmişkən, son aksiyalarda hakimiyyətin hərbi-polis qüvvələrinin zorakılığı nəticəsində 520-dən çox etirazçı ölüb. Onların 68-nin qadın, o cümlədən yeniyetmə qızlar olduğu bildirilib. Aksiyalar zamanı 20 mindən çox etirazçı tutulub. Onların da 7-10 faizdən çoxunun qadınlar olduğu iddia edilir. Son rəsmi göstəriciyə əsasən, İranda 189 min məhbus var. Onların beş faizinin zərif cinsin nümayəndələri olduğu bildirilib. 2021-ci ilin məlumatına görə, ölkədə bir ildə 15 qadın barəsində çıxarılan edam hökmü icra olunub. Bu, İranda qadınlara edilən zülmlərə aid çoxsaylı faktların çox cüzi hissəsidir. Sadaladığımız faktlarla ölkədə zərif cinsə edilən işgəncəni göstərmək istədik.

Deməli, yanvarın 20-də Tehranda Nüfuzlu Qadınların I Beynəlxalq Konqresi keçirilib. Tədbirdə 300 xarici qonaq, o cümlədən nazirlər, vitse-prezidentlər və millət vəkilləri də daxil olmaqla 70 qadın məmur iştirak edib. Tədbirdən dörd gün əvvəl isə İran həbsxanalarından 975 qadın azad edilib. Bu tədbir və minə yaxın qadının sərbəst buraxılması İranda qadın azadlığının göstəricisi deyil. Hər iki hadisə sentyabrın 17-də başlayan “Qadın, həyat, azadlıq!” şüarları ilə keçirilən aksiyaların mahiyyətini beynəlxalq səviyyədə azaltmağa yersiz, əbəs cəhddir.

Yeri gəlmişkən, hakimiyyət etiraz aksiyası keçirən qadınları təhqir edir. Rejim rəsmiləri və nümayəndələrinin qadınları aşağılayan çıxışlarına qarşı aksiyaçılar belə şüarlar irəli sürürlər: “Pozğun sənsən, əclaf sənsən, mən azad qadınam!”, “Nə yaylıq, nə təhqir, azadlıq və bərabərlik!”, “Qadın, həyat, azadlıq!” və s. Hakimiyyətin hərbi-polis qüvvələri aksiyaları zorakılıq, odlu silahdan atəş açaraq yatırmaqla ölkə konstitusiyasının 23-cü (“əqidələri təftiş etmək qadağandır və heç kəsi müəyyən əqidəyə malik olduğuna görə təqib etmək, sorğuya çəkmək və töhmətləndirmək olmaz”) və 27-ci maddələrini (“İslamın əsaslarına xələl gətirmədən silahsız yığıncaqlar və yürüşlər keçirmək azaddır”) pozur. Aylar Həqqinin, Məhsa Əminin qətlləri İran hakimiyyətinin qadınlara və Əsas Qanuna “hörmət”inin nümunəsidir. Aksiya iştirakçıları rejimin qəddarlıqla etirazları yatıracağını bilərək küçə, meydan və xiyabanlara çıxırlar. Bu, azadlıq, firavan həyat və ədalət uğrunda mübarizə aparan ölkə qadınlarının rejimin zülmündən cana doyduqlarına sübutdur. “Gender Gap Report 2022”nin hesabatına əsasən, İran 146 ölkə arasında gender bərabərliyi üzrə 143-cü yerdədir.

Nəhayət, qadın ən başlıcası anadır. O, ailənin qorunmasında əsas rollardan birini oynayır. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində İran əhalisinin qışda istiliklə təchiz olunmasında ciddi problemlər yaşanır. Dünyada neft və təbii qaz ehtiyatına görə aparıcı yerlərdən birini tutan ölkədə mavi yanacaq qıtlığı yaşanır. Yaranan vəziyyət insanların balonla qaz almaq üçün uzun növbələrdə gözləmələrinə səbəb olur.

Qadın hüquqları, özünüifadə azadlığı, onların cəmiyyət üçün yararlılığı təmin olunanda ölkə humanist sayılır. Tehran hakimiyyəti konqres keçirməklə özünü belə təqdim etməyə çalışır. Qadın vətəndaşını edam edən, onların hüquq və azadlığını tapdalayan bir rejim bu beynəlxalq konqreslə dünya ictimaiyyətinin gözünə kül üfürməyə cəhd göstərir. İran qadınının vəziyyətinin ağır olduğunu zəlzələdən zərər çəkən bölgələrdə, təbii qaz ehtiyacı olan kəndlərdə, öz ana dilində danışmaqdan, təhsildən məhrum olunan məktəblərdə, addımbaşı zorakılığa, qısnamaya məruz qaldıqları dövlət müəssisələrində görmək olar. Bu səbəbdən İran qadınları “Qadın, həyat, azadlıq!” deməklə rejimin qoyduğu qaydalara, qadağalara qarşı çıxırlar. Onların haqlı tələbləri parlamentdə müzakirə olunmur. Müzakirələr isə qarayaxmalarla müşayiət olunur. Bu, İran rejiminin, panfarsçı düşüncə sisteminin qadına münasibətinin din pərdəsi altında yanaşmasıdır. Konqres də bu maskalardandır. Son olaraq, 2022-ci il dekabrın 31-nə olan məlumata əsasən, İran əhalisinin 43 mln. 951 min 258 kişi, 42 mln. 715 min 084 nəfərini qadınlar təşkil edir. Bu baxımdan da azlığın hüququ tapdalanır.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir