• Ç. Noy 27th, 2024

Bəzi avtomobil satıcıları cərimələnə bilər – SƏBƏB

ByYenigun.news

İyn 24, 2023


Nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.

Eyni zamanda, layihəyə görə, “Tullantılar haqqında” Qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.

Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.

Layihəyə əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyətində pozuntularla bağlı cərimələr də müəyyənləşir. Cərimələrin məbləği vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qanun təsdiqləndikdən sonra bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, utilizasiya ilə əlaqədar nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması proseduruna dair “Yol hərəkəti haqqında” qanuna müvafiq dəyişiklik layihəsi də parlamentin bugünkü iclasında qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir