“Azərbaycan yaşıl enerji habı kimi alternativ enerji mənbələrinin inkişafında böyük potensiala malikdir”.
AZƏRTAC xəbər verir ki, bunu Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri, “Exxon Mobile” şirkətinin keçmiş vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Jean Baderşnayder X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib.
Azərbaycanın regionun ən mühüm ölkəsi kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfədən danışan J.Baderşnayder alternativ enerji mənbələrinin aktuallığından söhbət açıb, hazırda bərpaolunan enerji mənbələrinə kəskin ehtiyacın olduğunu vurğulayıb.
Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini diqqətə çatdıran Jean Baderşnayder, həmçinin əlavə edib ki, Cənubi Qafqaz regionu hazırda dünyada inanılmaz dərəcədə mühüm rol oynayır.