• Ç. Noy 27th, 2024

Bakı Forumu: “Qlobal dünya nizamına təhdidlər” mövzusunda müzakirə olundu – FOTO

ByYenigun.news

İyn 18, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.

“Report” xəbər verir ki, Forum çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda növbəti panel iclası keçirilib.

Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin moderatorluğu ilə keçirilən panel iclasında “Nə üçün vətəndaşların böyük bir qismi bir neçə il əvvəl heyranlıqla baxdıqları demokratik sistemlərdən uzaqlaşır? “İnsanların iradəsi” marketinq strategiyaları ilə, “feyk” xəbərlərlə və qərəzliliklə formalaşa bildiyi halda həqiqi demokratiya necə olur? Qərarverici elita və səfərbər edilmiş ictimaiyyət arasındakı məsafə artarsa, demokratiya nə dərəcə funksional olacaq? Siyasi uzaqlaşma və əlaqəsizlik artarsa, demokratiya nə dərəcədə təmsilçiliyə əsaslanacaq? Bəs siyasi orqanizmdə bu kimi tendensiyalara qarşı hər kəs üçün fərdi insan hüquqları müvafiq qaydada necə qoruna bilər? Yeni qlobal nizamın Qərbin ənənəvi demokratik sistemləri, hətta öz daxillərində belə çağırışlarla üzləşdikləri halda yeni, daha mərkəzləşdirilmiş siyasi modellərin (Çin və Sinqapur kimi) nüfuz və təsir qazanması nəzərə alınmaqla, əsas prinsipləri hansılardır?” kimi suallara cavablar axtarılıb.

Panel iclasında çıxış edən Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, hər bir demokratik sistemdə olan amilləri qabartmaq lazımdır:

“Mən xüsusilə də söz, fikir və s. azadlıqları qeyd etmək istəyərdim. Hökumət mənim gələcəyimə uyğun qərarlar qəbul etdiyi zaman rəyimin alınması lazımdır. İnsanlarla danışmaq, onların hüquqlarını nəzərə almaq lazımdır. Təsisatlar populizmdən uzaqlaşaraq bunu etməlidirlər. Biz insanların, cəmiyyətin arasında güvən yaratmalıyıq. Hesab edirəm ki, demokratiyanın izlənməsi çox vacibdir. Dəyərləri də düzgün paylamalıyıq. Avropa İttifaqının etdiyini biz etməliyik”.

Daha sonra çıxış edən Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa deyib ki, qanunun aliliyi əsas vacib olan amildir:

“Hər bir vətəndaşa, fərdə düzgün yanaşmaq lazımdır. Anadan olan hər bir şəxsin hüquqları tanınmalı və təmin olunmalıdır. Hər bir konkret addım icraata gətirib çıxarır. Bunun üçün də onun qanunda təsbitini görməliyik. Dövlət məmurlarının siyasi mənsubiyyəti də olmamalıdır. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər. Onlar tutduqları vəzifələrdə əbədi qalmamalıdırlar”.

Panel iclası çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir