Azərbaycan dövlət olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərində yaşayan erməni sakinlərlə təmasları bərpa etdi.
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
O, Xocalıda ermənilərlə müzakirələr aparıb.
İlk baxışda bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun fevralın 27-28-də Bakıya səfərinin nəticəsi kimi görünür.
Ancaq təmasların Lavrovla əlaqələndirilməsi yanlışdır, bu, daha çox Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışının nəticələri kimi şərh oluna bilər.
İlham Əliyev Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla plenar iclasda demişdi ki, Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır – lakin bu, Ruben Vardanyan ola bilməz.
Çünki Vardanyan Qarabağda doğulmayıb, Rusiyadan qaranlıq gündəliklə Qarabağa gəlib və Qərblə Moskva arasındakı qeyri-leqal bağlantıların fiqurudur.
Bunun ardınca, Vardanyanın qürubu başlandı, o, qondarma vəzifəsindən çıxarıldı, yerinə Qurgen Nersisyan “təyin edildi”.
Vardanyanın Qarabağdakı siyasi səhnədə büdrəməsi onun perspektiv layihələrlə bağlı əlaqələrini qoparmayıb, lakin Azərbaycan birinci mərhələdə özünə təhdid yaradan şəxsi proseslərdən kənarlaşdırmağı bacardı.
Vardanyanın ilkin mərhələdə uduzması ilə Azərbaycan Qarabağdakı ermənilərlə təmasları yenidən canlandırdı. Hətta təmas qrupundakı məsul şəxsin müəyyən edilməsinin özü belə, prosesdə həlledici mərhələyə başlanmasının müjdəsi kimi anlaşılır.
Bakı formatı, bəlkə də, əvvəlki təmaslardan fərqli olaraq bir qədər fərqli strukturda qurub.
Belə ki:
1. Deputat Ramin Məmmədov ermənilərin Azərbaycan ictimai-siyasi həyatına inteqrasiyasının sosial və hüquqi çalarlarını açır;
2. Xocalıdakı görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət nümayəndələr inteqrasiya üçün iqtisadi-maliyyə əsaslandırmaların tezislərini təqdim edir.
Bu qurumlar ilkin dəyərləndirmələr üçün Qarabağdakı qızıl yataqlarının qanunsuz istismarına dair monitorinq apara, ardınca isə inventarların dövlət mülkiyyətinə keçməsi və bunun ermənilərə müsbət təsirlərini təqdim edə bilərlər.
Azərbaycanın Qarabağdakı ermənilərlə təmasları daxili məsələlərin tənzimlənməsi yönündə atılan addımların təzahürüdür.
Qarabağdakı ermənilərlə təmasları bloklamağa çalışan Rusiya idi, hərçənd ki, Bakı-Moskva xəttində sonrakı etaplarda bəzi razılaşmalar əldə olundu.
Lakin Münhen Təhlükəsizlik Konfransını göz önündə canlandıranda Bakı ilə ermənilərin təmaslarında Qərbin daha çox maraqlı olduğu görünür.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bəyanatı da həmin kontekstdə diqqət çəkir:
“Bu gün Xocalıda Azərbaycanın və Qarabağ ermənilərinin nümayəndələri arasındakı təmaslar barədə ümidverici xəbərlər gəlib. Müzakirələrin həm aktual məsələlərə, həm də daha geniş məsələlərə yönəldilməsi yaxşı haldır”, – deyə Klaar qeyd edib.
Ancaq ermənilərlə təmaslar həm Qərbdə, həm də Rusiyada qısqanclıqla qarşılana bilər.
Çünki Azərbaycan Qarabağdakı ermənilərə öz vətəndaşı kimi baxaraq prosesi daxili təhlükəsizlik qaydalarının cazibəsinə saldıqca kənar qüvvələrin Qarabağ mövzusunu xarici siyasətdə alət kimi saxlamaları aradan qalxır.
Əgər inteqrasiyadan söhbət gedirsə, təmaslar təkcə Xankəndi, Xocalının da sərhədlərini keçərək Bakıda, Gəncədə də keçirilə bilər.
Aqşin Kərimov