Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.
Yenigun.news xəbər verir ki, Bakıya gəlişlərinin ilk günündə qonaqlar İçəri şəhərdə qədim şəhərin tarixi abidələri ilə tanış olub, “Fəvvarələr Meydanı”nı gəziblər.
Həmin gün Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Gürcüstan Respublikasının paytaxtı Tbilisi səhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə qonaqları salamlayan Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov bildirib ki, “Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir”.
Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Tbilisi meri Kaxa Kaladze bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Tbilisi şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər.
Sonra Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər.
Səfər çərçivəsində Tbilisi şəhərinin nümayəndə heyəti Bakı şəhərinin görməli yerlərini, o cümlədən Dənizkənarı Milli Bulvarı gəzəcəklər.