• Ç. Noy 27th, 2024

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

ByYenigun.news

Okt 2, 2023


Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər.

Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı şirkətlərin stendləri ilə tanışlıq olub.

Məlumat verildi ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir.

Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxdılar.

Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var.
Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom Space”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky” “Vast”, “Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, “Israel Aerospace Industries” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “ispace”, “JGC Holdings Corporation”, “Astroscale” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” şirkətləri yer alır.

Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir