Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işinə başlayır.
Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.
Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, doqquz beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcəklər.
Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Mədəniyyət Paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.