Azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Xankəndi-Şuşa yolunda ötən həftədən bəri davam edən dinc aksiyası bəzi ermənipərəst qüvvələri ciddi narahat edib. Fəalların sülhməramlıların nəzarətində olan Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin istismarının dayandırılmasını tələb etmələri Rusiyanın müəyyən dairələrini əl-ayağa salıb. O səbəbdəndir ki, cümə günü Rusiya telekanallarından birinin efirində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı eksperti vəzifəsini tutan Mixail Aleksandrov Azərbaycana hədə-qorxu gəlməyə çalışıb. Aleksandrov aksiyaya qarşı Bakıya raket zərbələri endirməyi və Azərbaycanın neft-qaz infrastrukturunu bombalamağı təklif edib. Lakin çox keçmədən o, fövqəlideyasına görə mükafatını alıb. Belə ki, hərəkətinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması səbəbilə vəzifəsindən azad edilib.
Məsələni Oxu.Az-a şərh edən Milli Məclis deputatı Sahib Alıyev qeyd edib ki, Rusiyada müttəfiqlik anlaşması imzaladığı Azərbaycana qarşı Mixayıl Aleksandrov kimi düşmən mövqeyindən çıxış edənlər heç də az deyil:
“Aleksandrovdan əvvəl Rusiya ilə Azərbaycan arasında müttəfiqlik anlaşmasının hələ mürəkkəbi qurumamış Rusiya Dumasının yaramaz üzvlərindən biri olan Mixail Delyagin hətta Azərbaycana nüvə zərbəsi endirmək lazım gəldiyini bildirmişdi. Elə Aleksandrovun sərsəmlədiyi həmən “Rossiya-1” telekanalının eyni proqramında bu fikri səsləndirmişdi”.
Millət vəkili bildirib ki, onların belə hərəkətləri ilk növbədə təmsil etdikləri dövləti pis vəziyyətdə qoyur:
“Bu əməllər onların təmsil etdikləri dövlətin niyə təcrid vəziyyətində olduğunu da bütün çılpaqlığı ilə göz önünə sərir. Aleksandrovlar, Delyaginlər və digərləri o cür açıqlamaları ilə öz dövlətlərini pis vəziyyətdə qoyurlar. Onlar düşünürlərsə ki, bu hədələri Azərbaycanı öz yolundan çəkindirəcək, yanılırlar. Kimin etməsindən asılı olmayaraq, bu qəbildən olan hədələrə qarşı Azərbaycan öz siyasətini yeridəcək.
Aleksandrovun tutduğu vəzifədən kənarlaşdırılmasına isə normal baxıram. Çünki o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Araşdırma Mərkəzinin aparıcı eksperti idi. Bu institut isə birbaşa Xarici İşlər Nazirliyinin tabeliyindədir. Rusiya XİN-in tabeliyində olan qurumlardan birinin təmsilçisi Bakıya raket zərbəsi endirilməsindən dəm vurursa, artıq bu həmin nazirliyin nə dərəcədə adekvat bir qurum olmasıyla bağlı sualı ortaya çıxarır. Ona görə də Aleksandrov vəzifəsindən qovuldu. Amma təəssüf ki, Aleksandrov çıxıb getsə də, Aleksandrovlar hələ də var. Onlar hələ də I Pyotr dövrünün düşüncəsindən qurtula bilmirlər, dünyanın necə dəyişdiyini, bu cür siyasətlərinə görə proseslərin necə əleyhlərinə işlədiyini görmürlər. Bu cür hədələrlə kimsə Azərbaycanı yolundan çəkindirə bilməz”.
Sayad Həsənli