Rusiya ilə Azərbaycan arasında ikitərəfli strateji münasibətlərə kölgə salmaq istəyən qüvvələr yenidən fəallaşıblar. Rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasət, dövlətlərarası münasibətlərdə sərgilədiyi balanslı mövqe bəzi qüvvələri isterik vəziyyətə salıb. Nə səsləndirdikləri bəyanatların fərqindədirlər, nə də onun məsuliyyətini dərk edirlər.
Son günlərdə bu istiqamətdə çirkin formada bir aktivlik hiss olunur. Kremlə yaxın dairələr tərəfindən ikitərəfli münasibətlərə kölgə salan bəyanat və cəfəngiyyat dolu açıqlamaların artdığının şahidi oluruq. Bu məsələdə yenə də Rusiya Dövlət Dumasının deputatları avanqard qüvvə rolunda çıxış edirlər. Qatı ermənipərəst mövqeləri ilə seçilən deputatlar Konstantin Zatulin və Sergey Mironovun sırasına daha biri qoşulub. Bu dəfə Rusiyadakı erməni diasporunun təsiri altında olan və onlardan bəslənən Pyotr Tolstoy adlı deputat Rusiya ilə Azərbaycan arasında münasibətlərə kölgə salan sayıqlamalarla gündəm olmağa çalışıb.
Beləliklə, deputat şantaj dolu açıqlamasında postsovet məkanına daxil olan dövlətləri, o cümlədən, Azərbaycanı, Ermənistanı, Ukraynanı Rusiyadan asılı ölkələr sırasına daxil edir, Moskvasız inkişafın mümkünsüzlüyünü bildirir. Bu siyahıya Ermənistanı daxil etməkdə səhv etmir. Ancaq nə qədər küt olasan ki, Azərbaycanın inkişafını Rusiyada görəsən?! Deputat çox gözəl bilir ki, Azərbaycan işğal altında olan torpaqlarını azadetmə əməliyyatını heç kimin razılığı olmadan başladıb və prosesi də uğurla başa çatdırıb. Halbuki, həmin torpaqların işğal altına düşməsinin bilavasitə səbəbkarı Rusiya olub. Amma Pyotr Tolstoy buna da toxunmaq istəmir.
Rusiyalı deputatın hədəfi bəllidir – nəyin bahasına olursa-olsun, Rusiya ilə Azərbaycan arasında münasibətlərə kölgə salmaq. Dövlət Dumasının üzvünün diqqətinə bir məsələni də çatdıraq ki, Azərbaycanın Ermənistandan fərqli olaraq qədim və zəngin dövlətçilik tarixi, ənənələri, milli mədəni irsi, görkəmli simaları var. Hətta Rusiya dövləti mövcud olmayanda Azərbaycan ərazisində müstəqil dövlətlər, dövlət qurumları fəaliyyət göstərib. Şərqdə ilk demokratik respublika, ilk parlament məhz Azərbaycanda yaradılıb.
Deputatın pərəstiş etdiyi sovetlər də onun varlığına son qoyub. SSRİ dağıldıqdan sonra isə müstəqil dövlət olaraq Azərbaycan özünün xarici siyasət kursunu həyata keçirir və heç kimdən, o cümlədən də Rusiyadan asılı deyil. Azərbaycan 32 ildir müstəqil dövlət kimi inkişaf edir, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən birinə çevrilib. Bütün ölkələrlə, o cümlədən Rusiya ilə ikitərəfli əməkdaşlığa yönəlik siyasət yürüdür. Görünən odur ki, sadəcə, deputat özündən əvvəl cəfəng fikirlər səsləndirən Zatulin və Mironovun yolu ilə getməyə çalışıb. Ancaq unudurlar ki, bu kimi cəfəngiyyatları ilə dövlətlərarası münasibətlərə xələl gətirirlər.
P.Tolstoyun fikirlərinə, bəlkə də, əhəmiyyət verməmək olardı. Məsələ ondadır ki, ondan əvvəl Rusiya Xarici İşlər Nazirliyi də qərəzli və cəfəngiyyat dolu açıqlamalarla çıxış edib. Ölkələrarası münasibətlərə xələl gətirməyə çalışıb. Görünür, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, Ukraynada aparılan işğalçı müharibədə obyektiv mövqeyi, ev-eşiyindən məhrum olan insanlara yardım etməsi və s. faktlar müəyyən dairələri qıcıqlandırıb. Bu səbəbdən də tabeliyində olduğu və yemlədiyi siyasiləri, medianı hərəkətə keçirib. Həmin media vasitələrində anti-Azərbaycan ab-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. Alət kimi də Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan erməni azlığını qabardırlar. “Dağlıq Qarabağ” ifadəsi mövcud olmadığı halda, bu ifadə Rusiya mediasında daim qabardılır. Keçmiş separatçı bölgədə ermənilərin blokada vəziyyətində qaldıqlarını iddia etməyə başlayırlar.
Sözsüz ki, Rusiya XİN-in, deputatların son açıqlamaları və mediada yer alan cəfəngiyyat dolu bəyanatlar onu göstərir ki, bu xətt təsadüfi deyil. Bu ittihamların və iddiaların haradan, hansı səbəbə qaynaqlandığı hamıya bəllidir.
Lakin həmin qüvvələr bilməlidirlər ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə əngəl törədilməsi cəhdləri isə iflasa məhkumdur. Buna görə də ölkəmizə qarşı bu hücumların müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün olmayıb və olmayacaq!
“Report” İnformasiya Agentliyi