Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Anıtqəbiri ziyarət edən nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub və buradakı muzey ilə tanış olub.
Baş nazirin müavini Şahin Mustafayev xatirə kitabına ürək sözlərini yazıb.
Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edən Azərbaycan nümayəndə heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib.
Səfər çərçivəsində Türkiyənin vitse-prezidenti Fuad Oktay və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə görüşlər keçiriləcək, qardaş ölkənin nəhəng su təchizatı obyektləri ilə tanışlıq olacaq.
Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.