• Şb. Noy 30th, 2024

Baş Prokuror: “Ermənistanın təxribatları bölgədə sülhün bərqərar olmasına maneədir” – YENİLƏNİB + FOTO

ByYenigun.news

İyn 15, 2023


“Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib.

Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.

Baş Prokuror iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nin hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə olduğunu bildirib.

19:34

Rusiyanın Sankt-Peterburq şəhərinin Taurid sarayında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında üçtərəfli görüş keçirilib.

“Report” xəbər verir ki, görüşdə çıxış edən İqor Krasnov deyib ki, tədbir 2021-ci ildən bəri analoji formatda keçirilən beşinci görüş olub. Əvvəlki üçtərəfli görüş 2022-ci ilin dekabrında Moskvada keçirilib və bu görüş zamanı Azərbaycan, Rusiya, Ermənistan prokurorluqlarının rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Peşəkar dialoqun davam etdirilməsi üçün qarşılıqlı hazırlığı yüksək qiymətləndirən İqor Krasnov gələcək əməkdaşlığın qurulmasına konstruktiv yanaşmaya görə hər iki tərəfə təşəkkür edib.

“Bildiyiniz kimi, bir aydan az əvvəl dövlətlərimizin başçılarının növbəti görüşü oldu. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderləri sərhəd bölgəsinin həyat təminatının normallaşdırılması ilə bağlı bir sıra aktual məsələlər üzrə qarşılıqlı məqbul həllərin işlənib hazırlanması barədə razılığa gəliblər.

Bu baxımdan, bizim daimi təmaslarımızı davam etdirməyimizi, regionda sülhün, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursunu izləməyimizi son dərəcə vacib hesab edirəm.

Şəxsən mən və bütün tabeliyində olanlar, o cümlədən sərhəd bölgəsində dislokasiya olunmuş hərbi prokurorlar Azərbaycan və Ermənistan tərəfləri arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün bundan sonra da lazımi köməklik göstərəcəyik. Eyni zamanda, gərginliyin artmasının qarşısının alınmasını əsas vəzifə kimi görürəm. Əminəm ki, birgə səylərlə biz regionun ahəngdar inkişafı və orada yaşayan hər kəs üçün layiqli həyat üçün təhlükəsiz şərait yarada biləcəyik”.

19:27

Rusiyanın baş prokuroru İqor Krasnov azərbaycanlı həmkarı Kamran Əliyevə Bakıdakı rus qəbiristanlığında törədilən vandalizm aktlarını araşdırdığına görə təşəkkür edib.

Bu barədə jurnalistlərə Rusiya Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cümə axşamı Sankt-Peterburqda Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə işgüzar görüşdə Krasnov 2023-cü ilin aprelində Bakıdakı rus qəbiristanlığında törədilmiş vandalizm aktlarının araşdırılması istiqamətində Azərbaycan prokurorluğunun apardığı işlərə görə minnətdarlığını bildirib. “Nəticədə hadisəni törədən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Azərbaycan hakimiyyətinin dağıdılmış məzarları operativ şəkildə bərpa etməsi humanizm, etnik və sosial bərabərlik prinsiplərinə qeyd-şərtsiz sədaqətdən xəbər verir və təbii ki, biz bunu ölkəmizə hörmətin təzahürü hesab edirik”, – Krasnov bildirib.

Krasnov qeyd edib ki, iki dövlətin iqtisadiyyatının yaxınlaşması, ticarət dövriyyəsinin artması və birgə biznes layihələri nəzərə alınmaqla, biznesin inzibati təzyiqlərdən qorunması, investorların və sahibkarların hüquqlarına riayət olunmasının təmin edilməsi məsələləri daha da aktuallaşır.

O xatırladıb ki, mayın sonunda Rusiya və Azərbaycan Prezidentləri Moskvada geniş spektrli məsələlər üzrə Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının gələcək inkişafı barədə razılığa gəliblər.

“Əminəm ki, bu, bizim prokurorluqlararası əlaqələrimizə də şamil olunur”, – Krasnov vurğulayıb.

Sankt-Peterburq görüşündən sonra Rusiya və Azərbaycanın baş prokurorları arasında 2024-2025-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb. Sənəd əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi, rəqəmsal maliyyə aktivlərinin, o cümlədən kriptovalyutaların xaricə qanunsuz ötürülməsinə qarşı mübarizə, prokurorluq orqanlarının işində rəqəmsal texnologiyalardan istifadə, o cümlədən nəzarət fəaliyyəti sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.

17:55

Sankt-Peterburqun Tavriya sarayında keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə rusiyalı həmkarı İqor Krasnovun ikitərəfli görüşü başlayıb.

Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

Qeyd edək ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilir. Görüş zamanı iki ölkənin prokurorluqları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən cinayətkarların ekstradisiyası və maraq doğuran digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Bu gün həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşünün keçirilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir