• Be. Noy 25th, 2024

Baydenin Azərbaycana səfir namizədi: Ağ Evin məqsədləri – TƏHLİL + FOTO

ByYenigun.news

May 26, 2022

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası, bir az da dəqiq ifadə etsək, Birləşmiş Ştatların uzunmüddətli strateji xəttini müəyyənləşdirən dərin strateqləri Rusiya-Ukrayna müharibəsi fonunda tərəfdaşlarla əlaqələrini genişləndirirlər.

ABŞ-ın öz tərəfinə çəkmək istədiyi ölkələr sırasında Azərbaycan da var, yəqin ki, yaxın günlərdə ABŞ-dan olan nümayəndə heyətlərinin Bakıya təşrif buyuracaqları planlaşdırılır.

ABŞ-la Azərbaycanın ən çox insan hüquqları və idarəetmə ilə bağlı mövzularda ulduzu barışmır, digər istiqamətlər üzrə isə münasibətlərin axarı müsbət məcraya doğru sürətlənir.

Vaşinqton Azərbaycanın diqqətinin özündə cəmlənməsi üçün daha çox cəlbedici səy göstərməlidir, buna görə də Bakı ilə İrəvanın sülh müqaviləsini imzalaması üçün təşəbbüsləri ələ almağa çalışır.

Birləşmiş Ştatların siyasətində Rusiya ilə bütün cəbhələrdə qarşıdurmaya getməmək xətti dayanır, bəzi məqamlarda Ağ Ev özünün yaxasını kənara çəkmiş kimi görünmək məcburiyyətindədir.

Məhz bu nöqteyi-nəzərdən Vaşinqton bəzi prioritetlərinin gizli qalmasına çalışır, amma pərdəarxasında özünün təşəbbüslərini qoruyub-saxlayır.

Elə Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin formalaşmasında Avropa İttifaqının rol alması da birbaşa Amerikanın maraqlarına xidmət edir, hərçənd ki, Qərbin özündə də hansısa fikir haçalanmaları mövcuddur.

ABŞ üçün indi Bakı-İrəvan-Avropa İttifaqı arasında danışıqları, nəticə əsaslı razılaşmaları koordinasiya etmək prioritet kimi dayanır.

Cozef Baydenin Azərbaycana yeni səfir təyinatı üçün irəli sürdüyü namizəd də həmin koordinasiyanı effektiv təmin etmək siyasətinə hədəflənib.

TƏQDİMAT: ABŞ liderinin Azərbaycanda səfir görmək istədiyi Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Cənab Libbinin Brüsseldə ABŞ-ın maraqlarının təmsilçisi kimi işləməsi onun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını tənzimləmək işində də böyük diplomatik təcrübə sahibi ola biləcəyinin indikatorudur.

Avropa İttifaqını daha dərindən bilən bir diplomatın səfirliyi, Azərbaycanın da maraqlarına uyğundur.

Bayden administrasiyası Libbinin qarşısına Azərbaycan-Ermənistan münasibətlərinə dair yeni formulların hazırlanması, Avropa İttifaqı ilə birgə ABŞ-ın da regionda güclənməsi üçün tezislər hazırlamaq vəzifəsini qoyacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir