• Şb. Noy 23rd, 2024

“Belə görüşlər Qərbi Azərbaycan İcması ilə Ermənistan icması arasında da aparılmalıdır” – TƏKLİF + FOTO

ByYenigun.news

Mar 1, 2023

“2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatının bəndlərinin icrası, münasibətlərin tənzimlənməsi və bölgədə daimi sülhün bərqərar olunması üçün ciddi addımlar atılmalıdır. Buna görə də Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə danışıqlar, təmaslar aparılmalıdır. Bunun vacib olduğu haqqında Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında qeyd edib”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Musa Quliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədovun bu gün Xocalı şəhərində onlarla görüşündən danışarkən deyib. Musa Quliyev xatırladıb ki, Azərbaycan öz ərazisində – Qarabağda doğulan, böyüyən və yaşayan, ölkəmizə qarşı cinayət əməlində adı hallanmayan, Azərbaycan Konstitusiyasını, qanunlarını qəbul edən hər bir dinc ermənini öz vətəndaşı hesab edir:

“Bu kateqoriyadan olan ermənilər bizim sakinlərimiz sayılırlar və onların hüquqlarının təminatı dövlətimiz tərəfindən həyata keçirilə bilər. Qeyd edilən istiqamətdə görüşlərin keçirilməsi müsbət haldır.

Ermənilər özləri, məsələdə maraqlı olan Fransa kimi dövlətlər bölgədə daimi sülhün olmasını istəməyən qüvvələr olacaq. Onlara “bulanıq suda balıq tutmaq” lazımdır. Lakin hər şey qaydasına düşəndə, su durulanda belə qüvvələrin pozuculuq səyləri də sıradan çıxacaq.

Təbii ki, bu görüşlər eyni templə keçirilməyəcək, problemlər də yarana bilər. Biz bunları da göz önünə almalıyıq. İstənilən halda təmaslar olmalıdır. Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları olaraq qəbul edib, onlara şərait yarada bilərik. Azərbaycana qarşı cinayət törədənlər isə öz layiqli cəzalarını alacaqlar”.

Musa Quliyevin təklifinə əsasən, növbəti addımlarda təkcə görüşlərlə kifayətlənmək azdır. Deputatın fikrincə, ermənilərin məşğulluğunun təmin edilməsi, sosial və digər problemlərinin həlli mümkündür:

“Bu müsbət addımlar həm erməni vətəndaşlara, həm də bütün dünyaya çatdırılmalıdır ki, ölkəmizin xoş niyyəti hər kəsə aydın olsun.

Analoji olaraq, belə görüşlər Qərbi Azərbaycan İcması ilə Ermənistan icması arasında da aparılmalıdır. Ermənistan isə buna təminatlar verməlidir. Azərbaycan ərazisində ermənilər yaşayırlarsa, Azərbaycan onlara hər cür şərait yaradır, yardımlar edirsə, eyni addımları Ermənistan hökuməti də atmalıdır ki, etimad qarşılıqlı olsun. 1988-91-ci illərdə Qərbi Azərbaycandan 300 minə yaxın soydaşımız qovulub. Onların isə əksəriyyəti Qərbi Azərbaycan İcmasında birləşib. Azərbaycanlılar geriyə qayıtmaq, ata-baba yurdlarını ziyarət etmək, orada yaşamaq istəyirlər. Əgər bölgədəki münasibətləri tamamilə sülh, əməkdaşlıq müstəvisinə keçirmək, Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək istəyiriksə, qarşı tərəfdən də eyni münasibəti görməliyik. Bütün bunlar böyük sülhə aparan addımlardır. Bununla bərabər, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasında da Ermənistan adekvat reaksiya göstərməlidir”.

Qeyd edək ki, martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir