12-14 iyul 2023-cü tarixlərində “Fairmont Baku” mehmanxanasında ABŞ-nin Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə (CLDP) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün beynəlxalq arbitraj hüququna dair üçgünlük praktiki təlim keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər kəsi salamlayıb, arbitrajın ölkənin kommersiya sahəsi üçün əhəmiyyətini qeyd edib, Kollegiya tərəfindən son dövrlərdə bu sahədə aparılan işlər, təşkil olunan tədbirlər, həmçinin Kollegiyanın Biznes Hüququ Komitəsinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, “Beynəlxalq kommersiya arbitrajında müştərilərin təmsil edilməsi” mövzusunda keçirilən təlimin Vəkillər Kollegiyası ilə CLDP-nin əməkdaşlıq çərçivəsində təşkil edilmiş ilk tədbir olduğunu vurğulayıb. A.Bağırov CLDP ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək bildirib ki, məhz ilk tədbirin belə bir əhəmiyyətli mövzuya həsr olunması, eyni zamanda təlimdə iştirak edən şəxslərin böyük bir qisminin vəkil olması çox sevindirici haldır. O, həmçinin CLDP-yə tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edib.
Sonra çıxış edən ABŞ səfirliyinin əməkdaşı, missiya rəhbərinin müavini vəzifəsini icra edən Endryu Berdi tədbir iştirakçılarına uğurlar arzulayıb. O, özəl sektorda mübahisələrin alternativ həll yollarının əhəmiyyətini qeyd edib və bu sahədə arbitrajın mühüm rola malik olduğunu bildirib.
Tədbirdə daha sonra çıxış edən CLDP-nin baş məsləhətçisi Stiv Qardner Vəkillər Kollegiyası və Kollegiyanın Biznes Hüququ Komitəsinə təşəkkür edib. O, arbitrajın biznes mühitinə müsbət təsirini vurğulayıb, arbitrajla tərəflərin vaxta qənaət etdiyini bildirib. S.Qardner eyni zamanda təlimçilər Patrisiya Şonessi və Ruslan Mirzəyev barədə məlumat verib. Sonda tədbirin işinə uğurlar arzulayıb.
Bildirmək istərdik ki, 12-14 iyul tarixlərində keçirilən təlimdə iştirakçılara biznes mühitində mübahisələrin alternativ həlli yolları, arbitraj prosesinin bütün mərhələləri, arbitraj qərarlarının tanınması və icrası ilə bağlı nəzəri və praktiki bilgilər tədris olunub. Üçgünlük tədbirdə 45-dən çox vəkil iştirak edib.
Tədbirin sonunda təlimi uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim edilib.